“Gürcüstanla strateji partnyorluğumuz Cənubi Qafqaz üçün əhəmiyyət kəsb edir”-Rasim Musabəyov Siyasət

“Gürcüstanla strateji partnyorluğumuz Cənubi Qafqaz üçün əhəmiyyət kəsb edir”-Rasim Musabəyov

“Hər bir halda biz Gürcüstanla öz tərəfdaşlığımızı qoruyub saxlayacağıq. Ona görə ki, bizim strateji partnyorluğumuz demək olar ki, Cənubi Qafqaz üçün əhəmiyyət kəsb edir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Deputat bildirib ki, Gürcüstan və Azərbaycan demək olar ki, Xəzər dənizi ilə Qara dənizi birləşdirən bir körpüdür: “Körpünün yarısının heç bir faydası yoxdur. Körpü təkcə o halda qiymətlidir, geopolitik baxımdan əhəmiyyətlidir ki, vahid olsun və düşünürəm ki, o vahidliyi Azərbaycan Gürcüstan strateji partnyorluğu təmin edir”.
R.Musabəyov Gürcüstanla həyata keçirilən layihələr haqqında da danışıb: “Bizim bu tərəfdaşlıq çərçivəsində böyük layihələrimiz mövcuddur. Avropa Birliyinin də maliyyələşdirdiyi alternativ enerji ilə bağlı layihəmiz var. Həmçinin dəmir yolunun genişlənməsi ilə bağlı Orta Dəhliz layihəmiz var. Bunların hamısını təbii ki, Gürcüstanda möhkəm hökumət olduğu halda sürətlə gerçəkləşdirmək mümkündür. İnşallah, gözləyək. Bizim Gürcüstandakı seçkilərə müdaxilə etməyə nə istəyimiz, nə də imkanımız var. Ancaq təbii biz seçkilərin nəticəsini böyük maraqla gözləyirik”.

Röya İsrafilova