“Azərkontrakt” ASC ləğv edilir - SƏRƏNCAM Siyasət

“Azərkontrakt” ASC ləğv edilir - SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Azərkontrakt” ASC) Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – SOCAR) tərəfindən həyata keçiriləcək.

“Azərkontrakt” ASC 2024-cü il dekabrın 1-dən ləğv edilir.

Nazirlər Kabineti “Azərkontrakt” ASC-nin digər səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, “Azərkontrakt” ASC-nin Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması müqavilələri üzrə hüquq və öhdəliklərinin, eləcə də bu sahədə fəaliyyətdən əldə edilmiş aktivlərinin, o cümlədən pul vəsaitlərinin SOCAR-a və onun strukturuna daxil olan qurumlara ötürülməsinin 2024-cü il dekabrın 1-dək təmin edilməsi üçün tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyinə “Azərkontrakt” ASC-nin balansında olan digər dövlət əmlakından istifadə ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

SOCAR-a isə Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması ilə bağlı strukturuna daxil olan qurumlar arasında səlahiyyət bölgüsünü təmin etmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək həvalə edilib.