“Milli Məclisin Rəyasət Heyətinin fomalaşdırılmasına ehtiyac var”-Qüdrət Həsənquliyev Siyasət

“Milli Məclisin Rəyasət Heyətinin fomalaşdırılmasına ehtiyac var”-Qüdrət Həsənquliyev

“Hörmətli sədr, öncə sizi və nümayəndə heyətinin üzvlərini uğurlu səfər münasibətilə təbrik edirəm və yeni uğurlar arzulayıram. Həmçinin 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə hər birinizi, xalqımızı təbrik edirəm, xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bu gündə, 71 ildən sonra yenidən müstəqil dövlət qurmağın qürurunu bizlərə yaşatmış Milli Azadlıq Hərəkatının üzvlərini, hərəkatın lideri Əbülfəz Elçibəyi, müstəqilliyimizi və yeni yaranmış dövlətimizi qorumuş, onu dağılmaq təhlükəsindən xilas etmiş böyük dövlət adamı Heydər Əliyevi böyük ehtiramla yad edirəm”.
Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev səsləndirib.
Millət vəkili həmçinin əlavə edib: “Əmir Teymurun sözləri ilə ifadə etsəm, dövlətin gücü xalqın birliyində və ədalətdədir. Müstəqilliyimizin dönməz və əbədi olması üçün Allah birliyimizi əlimizdən almasın, bizi ədalətdən məhrum etməsin.
Mən, müzakirə olunan məsələ ilə bağlı birinci oxunuşda öz fikirlərimi söyləmişdim, sadəcə olaraq bir təkliflə çıxış etmək istəyirəm. Bilirsiniz ki, bu günlərdə Niderland Parlamentinin nümayəndələr palatası Azərbaycanla bağlı iki bədnam qətnamə qəbul eləmişdi və Milli Məclis adından da onlara hesab edirəm ki, layiqli cavab verildi.
Təklifim ondan ibarətdir ki, bizim iclaslararası dövrdə Milli Məclisin adından kollegial bir orqan kimi qərarlar qəbul etmək, yaxud bəyanatlarla çıxış etmək, Milli Məclisin işinin təşkili ilə əlaqədar olaraq Milli Məclisin bəlkə də Rəyasət Heyətinin fomalaşdırılmasına ehtiyac var. Onsuz da sədrin liderliyi ilə, müavinlərin, komitə sədrlərinin iştirakı ilə Milli Məclisin işinin təşkili ilə bağlı mütəmadi olaraq iclaslar keçirilir və bu təqdirolunandır. Amma bunu bəlkə rəsmiləşdirməyə ehtiyac var ki, iclaslararası dövrdə Milli Məclis adından bəyanatlarla çıxış edə bilsin. Onsuz da daxili nizamnaməyə görə, sədrin səlahiyyətlərinə o daxildir ki, o, öz müavinləri və komitə sədrləri ilə birlikdə qanunvericilik üzrə illik planları hazırlayır və Prezident Administrasiyası ilə bunu razılaşdırır. Yəni bu iş onsuz da görülür, belə bir kollegial qurumun formalaşdırılması məncə müzakirə oluna bilər. Yaxud da Milli Məclisin sədrinə o səlahiyyətlər verilə bilər ki, Milli Məclisin iclaslararası dövrdə bəyanatlarla çıxış etmək imkanları olsun”.