“Gürcüstanda baş verənlər gələcəkdə regionun geosiyasi taleyini həll edə bilər” Siyasət

“Gürcüstanda baş verənlər gələcəkdə regionun geosiyasi taleyini həll edə bilər”

“Azərbaycan və Gürcüstan arasında münasibətlər daim yaxşı olub. Ümumiyyətlə, Azərbaycan və gürcü xalqı uzun əsrlər boyu, imperiyalar dövründə də, güclü dövlətçilik tarixi dövrlərində də qonşu olublar, amma heç vaxt bu iki xalq arasında problem olmayıb”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov deyib. O, bu gün də Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin artan xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb: “Ulu öndər Heydər Əliyev hər zaman Gürcüstanla bağlı öz prinsipial mövqeyində dayanırdı. Təsadüfi deyil ki, həmin dövrdə H.Əliyevin gürcü həmkarı Eduard Şevardnadze, həmçinin Gürcüstanın ondan sonrakı siyasətçiləri də daim Ulu öndərin və Prezident İlham Əliyevin Gürcüstana olan dost münasibətini xüsusilə vurğulayırdı”.
Siyasi şərhçi əlavə edib ki, Gürcüstanda anlayırlar ki, Azərbaycan həm də bu ölkənin təhlükəsizliyi və milli maraqlarının qorunması üçün Cənubi Qafqazda vacib açar dövlətdir: “Gürcüstan bir sıra çağırışlarla üz-üzə gəldiyi vaxtda, 2008-ci ildə Rusiya-Gürcüstan arasında müharibə dövrlərində də Azərbaycanın gürcülərə əsl qardaşlıq və dostluq münasibətlərini nümayiş etdirdiyini onlar da çox yaxşı bilirlər”.

Z.Məmmədov eləcə də vurğulayıb ki, Gürcüstanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycan Gürcüstanla münasibətləri hər zaman dostluq şəklində davam etdirəcək: “Gürcüstan Azərbaycan üçün əsas tranzit dövlətdir. Orada 100 minlərlə azərbaycanlı yaşayır. Əlbəttə ki, orada sabitlik Cənubi Qafqaz üçün də önəmlidir. Hazırda Gürcüstanda baş verənlər gələcəkdə regionun müəyyən mənada həm də yaxın bir neçə ildə geosiyasi taleyini də həll edə bilər”.

Röya İsrafilova