“Yaxşı olardı ki dəyişikliyin hədəfi sosial şəbəkələr də olsun”-Elçin Mirzəbəyli Siyasət

“Yaxşı olardı ki dəyişikliyin hədəfi sosial şəbəkələr də olsun”-Elçin Mirzəbəyli

“Söz almağımın əsas səbəbi isə “Heyvanlar aləmi haqqında” Qanunun 53-cü maddəsinə təklif olunan dəyişikliklə bağlıdır. 53-cü maddədə Heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulur”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Elçin Mirzəbəyli “Heyvanlar aləmi haqqında” qanun layihəsinə dəyişiklik edilməsi ilə bağlı qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili bildirib ki, təklif olunan dəyişiklik “heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayəşkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə” belə bir məsuliyyəti nəzərdə tutur: “Qeyd edim ki, heyvanlara qarşı rəhmsiz rəftarı, onlara əzab, ağrı və işgəncə verilməsini əks etdirən materiallar, əsasən sosial şəbəkələrdə və media subyekti sayılmayan internet informasiya ehtiyatlarında yayımlanır.
“Media haqqında” Qanunun 1.1.2-ci maddəsində “media” anlayışının açıqlaması verilir və qeyd olunur ki, media “kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitidir. Yəni burada söhbət peşəkar mediadan gedir və bəlli olduğu kimi, media subyektləri hesab olunan media resursları peşəkar fəaliyyətlə məşğul olmaq üçün Media Reyestrindən keçir və peşə etikası qaydalarına, əsasən əməl edirlər.
Bu baxımdan, yaxşı olardı ki, media ilə yanaşı, dəyişikliyin hədəfi heyvanlara qarşı rəhmsiz rəftarın nümayiş və təbliğ edildiyi bütün informasiya resursları, o cümlədən sosial şəbəkələr də olsun. Qanunvericilikdə “sosial şəbəkə” anlayışı olmadığı üçün, özündə sosial platformaları ehtiva edən “internet informasiya ehtiyatı”, “informasiya-telekommunikasiya şəbəkəsi” anlayışlarından istifadə etmək olar”.