“Azərbaycan tarixində ilk dəfə olaraq öz ərazi bütövlüyünü, suverenliyini təmin etdi” Siyasət

“Azərbaycan tarixində ilk dəfə olaraq öz ərazi bütövlüyünü, suverenliyini təmin etdi”

“Təsadüfi deyil ki, 2001-ci ildə Azərbaycan Avropa Parlament Şurasının üzvü idi. Ona qədər isə hələ 1992-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) nin üzvü oldu. Heydər Əliyev bütün fəaliyyəti dövründə Qarabağın qaytarılması ilə bağlı konfranslarda Qərb dövlətlərinin rəhbərləri, Ermənistan rəhbərliyi ilə mücadilə aparırdı”. Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov söyləyib.

Deputat əlavə edib ki, ən nəhayət 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişi ilə artıq Azərbaycan dövləti nəyin bahasına olursa olsun, həm dünyanı inandırmaq, həm məsələnin tarixiliyini dünyaya çatdırmaq, həm xalq iqtidar birliyinə nail olmaq, eləcə də güclü ordunun yaradılması üçün gecə-gündüz çalışdı: “Və 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsi ilə düşmən darmadağın edildi, Azərbaycan öz tarixi torpaqlarına sahib oldu. 2023-cü ildə isə Azərbaycan düşmənin separatçı yuvasını əlindən aldı, onlar Azərbaycan torpaqlarını tərk etdi və Azərbaycan tarixində ilk dəfə olaraq öz ərazi bütövlüyünü, suverenliyini təmin etdi”.

A.İsgəndərov həmçinin 2024-cü ilin fevralında növbədənkənar Prezident seçkiləri, sentyabrında isə növbədənkənar Parlament seçkiləri haqqında da danışaraq qeyd edib ki, bu seçkilərin əvvəlki seçkilərdən fərqi o idi ki, Azərbaycanın bütün torpaqlarında keçirilirdi, bu isə Azərbaycanın gücünü, demokratik ənənələrə sadiq olduğunu bir daha dünyaya bəyan etdi.

Röya İsrafilova