“Azərbaycana qarşı əks-təbliğat kampaniyası davam edəcək”-Oqtay Qasımov Siyasət

“Azərbaycana qarşı əks-təbliğat kampaniyası davam edəcək”-Oqtay Qasımov

“Fransa tərəfindən Azərbaycana qarşı səsləndirilən Azərbaycanın beynəlxalq hüququ pozduğu ittihamlarının təbii ki, heç bir əsası yoxdur. Fransa sadəcə olaraq yaranmış vəziyyətdən sui-istifadə edərək Qafqazda yerləşməyə çalışır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.
O əlavə edib ki, Ermənistanı silahlandırıb onu revanşa təhrik edən əsas ölkə Fransadır: “Fransanın Azərbaycana münasibətinin kökündə duran əsas səbəb ondan ibarətdir ki, Azərbaycan Fransanın və digər dövlətlərin cəhdlərinə baxmayaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra edərək öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etdi. Bu da Fransanı və Fransa kimi digər ölkələrin maraqlarına uyğun olmadığından məhz bu cür bəyanatlar səsləndirirlər”.
Poliqoloq həmçinin diqqətə çatdırıb ki, COP29 yaxınlaşdıqca Azərbaycana qarşı bu cür əks təbliğat kampaniyası davam edəcək: “COP29 bağlı tədbirlərin keçirilməsi vaxtı yaxınlaşdıqca Azərbaycana qarşı bu cür təxribatçı və əks-təbliğat kampaniyası davam edəcək və bu kampaniyanın əsas təşkilatçılarının önündə Fransanın gəldiyi bizim üçün təəccüblü deyil. Biz sadəcə olaraq Fransa və digərlərinin başlatdığı bu əks-təbliğat kampaniyasının təsirlərini effektiv cavablar verməklə mümkün qədər azaltmağa çalışmalıyıq”.

Röya