“Bu təşkilatlar təzyiq aləti kimi istifadə etmək üçün yaradılıb”-Niyaməddin Orduxanlı Siyasət

“Bu təşkilatlar təzyiq aləti kimi istifadə etmək üçün yaradılıb”-Niyaməddin Orduxanlı

“Qərb "Freedom House" və bu qəbildən olan təşkilatları təzyiq aləti kimi istifadə etmək üçün yaradıb”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı sözügedən təşkilatın “İnternet azadlığı 2024" adlı hesabatını şərh edərkən deyib. N.Orduxanlı bildirib ki, bu təşkilatın Azərbaycanla bağlı bütün bəyanatları sifarişli və qərəzli olub: “Hesabatda Azərbaycanda internetin azad olmaması ilə bağlı rəy gülüş doğurmaya bilməz. Əhalimiz 10 milyondan artıqdır və rəsmi məlumatımızda 9 milyon insan internet istifadəçisidir. Bunu hər kəs müşahidə edə bilər. Sosial şəbəkə platformasında tək TikTok istifadəçilərin sayı 8 milyonu keçib. İstənilən şəxs sərbəst şəkildə bir neçə manat ödəməklə internet istifadəçisinə çevrilə bilir. Artıq neçənci dəfədir ki, bu təşkilat Azərbaycanı “qeyri-azad” ölkələr sırasında qeyd edir. Mənfi rəy verilən ölkələrə diqqət edin. Azərbaycan, Türkiyə, Rusiya və s. Bu ölkələrin hər biri ilə bu gün Amerikanın problemləri var. ABŞ bu ölkələrə təzyiq edir və ya sanksiya tətbiq edir, yaxud da sanksiyalarla hədələyir. COP29 ərəfəsində bütün gücləri ilə Azərbaycanı hədəfə alıblar. ABŞ Konqresinin bir qrup üzvlərinin müraciəti və digər hesabatlar təsadüfi deyil. Bütün bunları ABŞ Qarabağdan çıxan ermənilərin geri qaytarılması üçün edir. Çox yaxşı bilirlər ki, Qarabağdan çıxan ermənilər Ermənistanda və digər ölkələrdə məskunlaşırlar və bundan sonra onların Qarabağa qaytarılması çox çətin olacaq. ABŞ erməniləri geri qaytarmaqla daim Azərbaycanı təzyiq altında saxlamaq istəyir. Təşkilatın Ermənistanla bağlı “azad ölkə” adlandırması cəfəngiyyatdır. Paşinyan hakimiyyətə gələndən sonra qisasçılıq zəminində bir sıra şəxslər, o cümlədən deputatlar həbs olunub. Budur “azad” ölkə? Amerikanın özündə prezident seçkisində namizədlər milyonlarla dollar vəsait xərcləyirlər. Seçki ilə bağlı dövlətin xərclədiyini də qeyd edirəm. Son 200 illik tariximizdə Azərbaycanın suverenliyini tam bərpa edən Ali Baş Komandan İlham Əliyevə xalqımız yenidən etimad göstərərək prezident seçib. Seçkiyə kölgə salmağa cəhd edirlər. Hesabat obyektiv deyil, qərəzlidir və müəyyən məqsədə xidmət edir".