“Fransanın Cənubi Qafqaz siyasəti qərəzlidir” Siyasət

“Fransanın Cənubi Qafqaz siyasəti qərəzlidir”

“Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baron belə bir ifadə işlədib ki, Azərbaycan Ermənistana münasibətdə beynəlxalq hüququ pozub. Bu, kifayət qədər gülünc açıqlamadır. Çünki reallıq bunun tam əksidir”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Sultan Zahidov söyləyib. O qeyd edib ki, Azərbaycan 30 il ərzində Ermənistan tərəfindən işğala məruz qalan ölkə olub: “Azərbaycanın 1 milyona yaxın məcburi köçkünü və qaçqını erməni aqressiyası nəticəsində öz dədə-baba torpaqlarını tərk edib və 30 il müddətində öz yurdlarından kənarda yaşayıblar. Bununla bağlı Fransa heç vaxt Ermənistan əleyhinə bir bəyanat belə səsləndirməyib. Amma indi Azərbaycan əleyhinə reallığa uyğun olmayan açıqlamalar verir”.
Politoloq bildirib ki, Fransanın xüsusilə son dörd ildəki siyasi kursuna nəzər salsaq görərik ki, bu siyasi kursda Azərbaycana qarşı açıq-aşkar qərəz mövcuddur: “Hələ İkinci Qarabağ müharibəsi dönəmində E.Makronun həqiqətə uyğun olmayan açıqlamaları, Fransa Milli Assambleyasının hər iki palatasının Azərbaycan əleyhinə əsassız qətnamə qəbul etməsi, daha sonra Ermənistanla imzalanan hərbi əməkdaşlıq sazişləri, hər imkanda Ermənistanı dəstəkləyəcək qərəz açıqlamalar verilməsi bir daha onu göstərir ki, Fransanın Cənubi Qafqaz siyasəti qərəzlidir, ikili standartlara uyğundur və bölgədəki reallığı əks etdirmir. Bölgədəki reallıq isə ondan ibarətdir ki, Azərbaycan İkinci Qarabağ müharibəsi və 2023-cü ilin anti-terror əməliyyatları ilə ən böyük təhdid olan erməni separatçılığına və erməni terrorizminə son qoydu”.