“Gürcülər boyunduruq altına düşmək istəmir” Siyasət

“Gürcülər boyunduruq altına düşmək istəmir”

“Bizləri günahlandıran AXCP sədri Əli Kərimli, Milli Şura kimi təşkilatlar isə göstərişləri xaricdən alır. Təəssüflə deməliyəm ki, sizlər isə Azərbaycan dövlətinin birmənalı maraqları olan yerdə belə ikibaşlı bəyanatlar və ikibaşlı açıqlamalar verirsiniz”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib: “Özünüzü fədakar kimi göstərirsiniz. Amma siyasəti və diplomatiyanı bilənlər gözəl başa düşür ki, sizin xeyli açıqlamalarınız ancaq və ancaq xarici aləm üçün deyilir. Yəni hakimiyyəti ələ keçirmək üçün heç nədən çəkinmək olmaz və ən ağır şərtlərə də razısınız.
Əgər xaricdən vəd olunanlar bu qədər gözəl, cəzbedici idisə, niyə Moldovada Avropaya inteqrasiya əleyhdarları az qala referendumu udmuşdular? Bu düşünmək üçün ciddi məsələdir. Moldovanlar Avropaya vizasız gedir, işləyir, güclü vəsait alır. Onlar Avropanın direktivası altında olmağa yox deyir, suveren, müstəqil siyasət yürütmək istəyir. Bunu bir Əli Kərimli də düşünsün.
26 oktyabrda Gürcüstanda parlament seçkiləri olacaq. Gürcüstan demək olar ki, Avropaya yox deyib. Axı gürcülər də vizasız gedib-gəlir, orada işləyir, hər cür dəstək alır, amma boyunduruq altına düşmək istəmir”.