“Bu ssenaridə Azərbaycan üçün də risklər var” Siyasət

“Bu ssenaridə Azərbaycan üçün də risklər var”

Asif Nərimanlı: “Cənubi Azərbaycandan köç dalğası ilə üzləşə bilərik”

Qərb və Ermənistan çalışır ki, COP29-a qədər sadəcə razılaşdırılmış maddələr üzrə sülh sazişi imzalansın. Yəni, Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsi, eyni zamanda ATƏT-in Minsk qrupunun de-yure ləğv olunması tələbi sülh sazişindən sonraya saxlanılsın. Əlbəttə, Azərbaycan sülhün dayanıqlı olması üçün Ermənistan konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və üçüncü qüvvələrin bölgəyə daxil omasına xidmət edən Minsk Qrupunun ləğv olunması ilə bağlı prinsipial mövqe ortaya qoyub və geri çəkilməyəcəyini bəyan edib.

Belə olan təqdirdə sülh prosesi ilə bağlı hazırda durumu necə dəyərləndirmək olar?

Siyasi şərhçi Asif Nərimanlı “Xalq Cəbhəsi”nə müsahibəsində mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb.

- Azərbaycan-Ermənistan sülh danışıqlarında mövcuz vəziyyət necədir, COP-29 tədbirinə qədər müqavilənin imzalanması mümkün görünürmü?

- Sülh sazişinin noyabr ayına qədər imzalanacağı, yaxud bu istiqamətində praktiki addımın atılacağı ehtimalı azdır. Çünki Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirir və prosesdə hiyləyə əl atır. Rəsmi İrəvan təklif edir ki, sülh sazişi layihəsində razılaşdırılmış maddələr əsas götürülərək, müqavilə imzalansın. Sual yaranır, razılaşdırılmayan maddələr necə olacaq, müqavilənin imzalanmasından sonra bu məsələlər həll ediləcəkmi? Böyük ehtimalla xeyr. Ermənistanın məqsədi də məhz öz maraqlarına uyğun şəkildə sazişin imzalanmasıdır.

- Ermənistan sülh sazişini imzalamaq üçün niyə tələsir?

- Ermənistanın tələsməsinin birdən çox səbəbi var. Burada əsas hədəflərdən biri Türkiyə ilə münasibətləri normallaşdırmaq və sərhədlərin açılmasına nail olmaqdır. İrəvanın qərbyönümlü siyasəti nəzəri olaraq, tətbiq edilsə də, praktiki olaraq çətindir, çünki coğrafi olaraq Ermənistan region ölkələrindən, başlıca olaraq Rusiyadan asılı vəziyyətdə qalır. Bu vəziyyətdən çıxmaq üçün Türkiyə ilə sərhədin açılmasına və Avropa bazarına praktiki çıxış əldə edilməsinə nail olmalıdırlar. Lakin Türkiyənin şərti var: Azərbaycanla sülh sazişi imzalanmadan sərhədlər açılmayacaq. Ermənistan məhz qısa zaman ərzində sülh sazişini imzlamaq və Türkiyə ilə sərhədin açılması-Avropa bazarına çıxışın önündə maneə kimi gördüyü bu məsələni həll etmək niyyətindədir. Tələsmələrinin digər səbəbi razılaşdırılmayan maddələrin arxa plana keçirilməsidir. Görünür, bu maddələr Ermənistanın maraqlarına uyğun deyil.

- Razılaşdırılmayan maddələr nədən ibarət ola bilər?

- Bu haqda rəsmi açıqlama verilmədiyi üçün konkret demək çətindir, sadəcə ehtimallar irəli sürə bilərik. Fikrimcə, razılaşdırılmayan maddələrdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının irəli sürüldüyü konstitusiya və digər normativ-hüquqi aktlarının dəyişdirilməsidir. Rəsmi Bakı bunu əsas şərt kimi irəli sürür və mövqeyində haqlıdır. Çünki konstitusiya dəyişmədən sülh sazişinin imzalanması bölgəyə uzunmüddətli sülhü gətirməyəcək. Sabah Ermənistanda hakimiyyət dəyişə, yaxud mövcud hakimiyyət dəyişən şərtlərə uyğun sülhlə bağlı mövqeyini dəyişdirə və bəyan edə bilər ki, ölkənin əsas qanunu Qarabağın birləşdirilməsini – qondarma “miatsumu” icra etməyi tələb edir. Bu baxımdan, kostitusiya dəyişməlidir. Ermənistan hakimiyyəti isə konstitusiyanı 2027-ci ildə dəyişdirməyi düşünür ki, bu da sülhə gedən yolda əsas əngəllərdən biridir.

Razılaşdırılmayan digər maddə sərhədin delimitasiyasında baza prinsipləri ola bilər. Ermənistan Alma-Ata bəyannaməsini əsas götürmək, bununla da delimitasiyanı SSRİ dağılanda mövcud olan xətlərin yer aldığı 1979-cu il xəritəsinə uyğun aparmaq və nəticədə sovet dövründə ermənilərə verilən Azərbaycan torpaqları üzərində legitimlik əldə etmək istəyir. Bu, Azərbaycanın maraqlarına uyğun deyil və istisna deyil ki, tərəflər bu məsələdə razılaşmır. Digər maddə azərbaycanlıların Qərbi Azərbaycana – tarixi torpaqlarımıza qayıdış hüququnu təmin edilməsi ola bilər. Razılaşdırılmayan maddələrlə bağlı müxtəlif versiyalar var, lakin nəticə etibarilə Ermənistan Azərbaycanın tələblərini arxa plana keçirmək məqsədilə sülh sazişini razılaşdırılmış maddələr üzərində imzalanmasına təkid edir.

- Proseslər hansı istiqamətdə inkişaf edə bilər, xüsusilə Ermənistanın “Azərbaycan hücum edəcək” iddiaları fonunda. Yenidən müharibə ola bilərmi?

- “Azərbaycan hərbi planlar qurur” iddiası Ermənistanın beynəlxalq ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır. İstisna deyil ki, COP29 tədbiri ərəfəsində Ermənistan tərəfi sərhəddə təxribatlar törətsin. İrəli sürülən iddialar da mümkün təxribatlar zamanı öz “təsdiqini tapması”na xidmət edir. Bu iddiaların siyasi hədəfi odur ki, Bakının “bütün bəndlərin razılaşdırıldığı müqavilə” yanaşmasını “sülhə qarşı olmaq” kimi göstərmədir. “Ermənistana hücum edəcək” iddiaları ilə Azərbaycanı ittiham altına salmaq, diqqəti Bakının sazişlə bağlı mövqeyindən yayındırmaq istəyir. Mümkündür ki, Ermənistan bu iddialarını “ispatlamaq” və “hücum edən tərəf” kimi Bakıya qarşı beynəlxalq təzyiqi gücləndirmək məqsədilə kiçik çaplı da olsa, sərhəddə təxribatlara əl ata bilər və bunu məhz COP29 tədbiri ərəfəsində, yaxud tədbirin gedişi zamanı edə bilər. Bununla həm də Azərbaycanın “COP atəşkəsi” təşəbbüsünü zədələmək, Bakının imicini və əldə edə biləcəyi dividentləri sıradan çıxarmaq istəyə bilərlər. Mümkün təxribatlarda COP-un Bakıda keçirilməsinə etiraz edən və hazırda tədbir üzərindən Azərbaycana qarşı kampaniya aparan qüvvələr də maraqlı tərəfdir.

- COP29 ərəfəsində Azərbaycana qarşı uydurma iddialara əsaslanan kampaniya genişlənir. Bu kampaniyanın arxasında hansı qüvvələr var və əsl məqsəd nədir?

- Adətən beynəlxalq tədbirlər zamanı həmin tədbirin keçirildiyi ölkələrə diqqət böyük olur. COP29 ərəfəsində də dünyanın diqqəti Azərbayana yönəlib və görünür, anti-Azərbaycan qüvvələr bundan fürsət olaraq istifadə etməyə çalışırlar. Bu kampaniyanın arxasında regionda maraqlarını təmin etmək istəyən ölkələrin olduğu aydın görünür. Məqsəd təzyiqlərlə rəsmi Bakını siyasətini onların maraqlarına uyğun korrekt etməyə məcbur etməkdir. Digər qüvvə erməni diasporu/lobbisidir. Onların da iki məqsədi var.

Birincisi, sülh danışıqlarında Ermənistanın mövqeyini gücləndirməkdir.

İkincisi, Bakıda həbsdə olan separatçıların azad edilməsinə nail olmaqdır. Separatçıların “etnik erməni siyasi məhbus” adlandırılması da buna hesablanıb.

60-a yaxın amerikalı konqresmen və senatorunun məlum təşəbbüsü də buna hesablanmışdı. Eyni proses Avropa strukturlarında da davam edir, misal üçün, Avropa Parlamentində aparılan müzakirələr bu planın tərkib hissəsidir.

- Hazırda dünyanın əsas gündəmi İsrail-İran qarşıdurmasıdır. Bu qarşıdurma böyük müharibə ilə nəticələnəcəkmi?

- İsrail İranla birbaşa müharibədə maraqlıdır, lakin mövcud vəziyyətdə buna gedəcəyi gözləntisi azdır. Çünki başda ABŞ olmaqla İsrailin müttəfiqləri bu məsələyə “isti yanaşmır”. İsrail müttəfiqlərinin tam dəstəyi olmadan böyük müharibəyə qoşulmaqda maraqlı deyil, lakin digər tərəfdən, ABŞ başda olmaqla Qərb İranla müharibənin zərurət olduğunu ispatlamaq, onları fakt qarşısına qoymaq istiqamətində də çalışır. Yaxın dövrdə İsrailin İrana hərbi zərbələr endirəcəyi gözləntisi var, amma bu, enerji və nüvə obyektləri olmayacaq, çünki Vaşinqton birmənalı şəkildə buna qarşı çıxır. İsrail də həm İrana cavab zərbəsi, həm də İranın proksi qüvvələrinin sıradan çıxarılması əməliyyatlarına dəstəyi itirməmək üçün hazırda bu vəziyyətlə razılaşır. Amma Yaxın Şərqdə vəziyyət istənilən an nəzarətdən də çıxa bilər. Bu halda böyük müharibə qaçılmaz olacaq.

- İran-İsrail qarşıdurmasının bizim regiona və ölkəmizə təsirləri necə ola bilər?

- Hələki bu qarşıdurma regionumuza və ölkəmizə ciddi dərəcədə mənfi təsir göstərməyib, əksinə, Tehranın Bakı ilə münasibətlərə önəm verməsini sürətləndirib. Lakin vəziyyət dəyişə bilər, xüsusilə birbaşa müharibə başlayarsa. Bu ssenaridə Azərbaycan üçün də risklər var. Cənubi Azərbaycandan köç dalğası ilə üzləşə bilərik. Eyni zamanda, İranda Azərbaycana qarşı olan qüvvələr yenidən “sionistləri Arazın sahilində” axtarmağa, Bakını ittiham etməyə başlaya bilərlər.

İbrahim