“Fransa İrəvanı revanşizmə hazırlayır” Siyasət

“Fransa İrəvanı revanşizmə hazırlayır”

Musa Qasımlı: “Rəsmi Parsin Cənubi Qafqaza siyasəti darmadağın edilib”

COP29 ərəfəsində Azərbaycana qarşı təzyiqlər güclənib. Xüsusilə Fransanın daha çox canfəşanlıq etməsi diqqətdən yayınmır.
Xatıərladaq ki, Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baron Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğunu deyib. Millət vəkilləri, politoloqlar bu məsələ barədə “Xalq Cəbhəsi”nə fikirlərini bölüşüblər.
Milli Məclis sədrinin müavini Musa Qasımlı vurğulayıb ki, böhtan xarakterli belə açıqlamanın verilməsindən təəccüblənmək lazım deyil: “1988-ci ildən bəri Fransanın Azərbaycana qərəzli münasibəti enib-qalxmalarla daim olub, başlıca məna dəyişməyib. Jan Noel Baron da həmin xətti davam etdirir”.
M.Qasımlı belə mövqenin bir neçə səbəbi olduğunu diqqətə çatdırıb: “Birincisi, görünür, nüvə dövləti, Birləşmiş Millətlər Təşkilatınn (BMT) Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın xarici işlər naziri beynəlxalq hüquqdan xəbərsizdir, onu istədiyi kimi şərh edir. İkincisi, bu şəxs fransız xalqını aldadaraq çirkli yollarla pullar qazanmış erməni milyonçularının cibindədir. Üçüncüsü, nazirin görmə, oxuma və düzgün dərketmə problemi vardır. Nəhayət, Azərbaycanın təcavüzkar, işğalçı Ermənistanı məğlub edərək dünya birliyi tərəfindən tanınmış ərazilərini azad etməsi həm də Fransanın Cənubi Qafqazda yürütdüyü siyasətin darmadağın edilməsidir”.
Mill Məclis sədrinin müavini əlavə edib ki, belə fikirlərin səsləndirilməsinin konkret məqsədləri var: “Fransa özünü erməni ictimai rəyində təmizə çıxarmağa, beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə müxtəlif xarakterli qətnamələrin qəbuluna çalışır, Ermənistanın Azərbaycana qarşı düşmənçiliyini qızışdırır, rəsmi İrəvanı revanşizmə hazırlayır”.

“Azərbaycana qarşı əks-təbliğat kampaniyası davam edəcək”

Politoloq Oqtay Qasımov bildirib ki, Fransa tərəfindən Azərbaycana qarşı səsləndirilən Azərbaycanın beynəlxalq hüququ pozduğu ittihamlarının heç bir əsası yoxdur, Fransa sadəcə olaraq yaranmış vəziyyətdən sui-istifadə edərək Qafqazda yerləşməyə çalışır. O əlavə edib ki, Ermənistanı silahlandırıb onu revanşa təhrik edən əsas ölkə Fransadır: “Fransanın Azərbaycana münasibətinin kökündə duran əsas səbəb ondan ibarətdir ki, Azərbaycan Fransanın və digər dövlətlərin cəhdlərinə baxmayaraq, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra edərək öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etdi. Bu da Fransanı və Fransa kimi digər ölkələrin maraqlarına uyğun olmadığından məhz bu cür bəyanatlar səsləndirirlər”.
O.Qasımov həmçinin diqqətə çatdırıb ki, COP29 yaxınlaşdıqca Azərbaycana qarşı bu cür əks təbliğat kampaniyası davam edəcək: “COP29 bağlı tədbirlərin keçirilməsi vaxtı yaxınlaşdıqca Azərbaycana qarşı bu cür təxribatçı və əks-təbliğat kampaniyası davam edəcək və bu kampaniyanın əsas təşkilatçılarının önündə Fransanın gəldiyi bizim üçün təəccüblü deyil. Biz sadəcə olaraq Fransa və digərlərinin başlatdığı bu əks-təbliğat kampaniyasının təsirlərini effektiv cavablar verməklə mümkün qədər azaltmağa çalışmalıyıq”.

“Reallıq bunun tam əksidir”

Politoloq Sultan Zahidov isə bu açıqlamanın kifayət qədər gülünc olduğunu deyib: “Çünki reallıq bunun tam əksidir”. O qeyd edib ki, Azərbaycan 30 il ərzində Ermənistan tərəfindən işğala məruz qalan ölkə olub: “Azərbaycanın 1 milyona yaxın məcburi köçkünü və qaçqını erməni aqressiyası nəticəsində öz dədə-baba torpaqlarını tərk edib və 30 il müddətində öz yurdlarından kənarda yaşayıblar. Bununla bağlı Fransa heç vaxt Ermənistan əleyhinə bir bəyanat belə səsləndirməyib. Amma indi Azərbaycan əleyhinə reallığa uyğun olmayan açıqlamalar verir”.
Politoloq bildirib ki, Fransanın xüsusilə son dörd ildəki siyasi kursuna nəzər salsaq görərik ki, bu siyasi kursda Azərbaycana qarşı açıq-aşkar qərəz mövcuddur: “Hələ İkinci Qarabağ müharibəsi dönəmində E.Makronun həqiqətə uyğun olmayan açıqlamaları, Fransa Milli Assambleyasının hər iki palatasının Azərbaycan əleyhinə əsassız qətnamə qəbul etməsi, daha sonra Ermənistanla imzalanan hərbi əməkdaşlıq sazişləri, hər imkanda Ermənistanı dəstəkləyəcək qərəz açıqlamalar verilməsi bir daha onu göstərir ki, Fransanın Cənubi Qafqaz siyasəti qərəzlidir, ikili standartlara uyğundur və bölgədəki reallığı əks etdirmir. Bölgədəki reallıq isə ondan ibarətdir ki, Azərbaycan İkinci Qarabağ müharibəsi və 2023-cü ilin anti-terror əməliyyatları ilə ən böyük təhdid olan erməni separatçılığına və erməni terrorizminə son qoydu”.

“Fransa bunu görməzdən gəlir”

S.Zahidov həmçinin diqqətə çatdırıb ki, Azərbaycan işğal rejiminə son qoydu, məcburi köçkünlərinin geri qayıtmasına şərait yaratdı: “Əslində isə bölgədə sülh, təhlükəsizlik üçün, kommunikasiya xətlərinin açılması və ümumiyyətlə bölgənin inkişafı üçün bir zəmin yaratmış oldu”.
Politoloq əlavə edib ki, amma Fransa bunu görməzdən gələrək yenə də sırf Ermənistanı dəstəkləyəcək qərəzli açıqlamalar verməyə davam edir: “Biz bilirik ki, anti-terror əməliyyatlarında Azərbaycan suverenliyini bərpa edib, eyni zamanda, Xankəndidə və digər məntəqələrdə yaşayan ermənilərin Qarabağda qalması üçün dəfələrlə çağırışlar edib. Bunun üçün legitim şərt irəli sürüb ki, həmin ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli, həmçinin Azərbaycanın təmin etdiyi hüquqlardan faydalanmalıdır. Ermənilər özləri erməni diasporasının, separatçı rejimin təbliğatına uyaraq əşyalarını, ləvazimatlarını götürüb Qarabağı tərk etdilər”.
O bildirib ki, halbuki, 30 il əvvəl erməni aqressiyası nəticəsində bizim soydaşlarımız qışın soyuğunda ayaqyalın, heçnəsiz acı şərtlərdə öz torpaqlarını tərk etməli olmuşdular: “Həmin vaxtda ermənilər bizim soydaşlarımıza qarşı qətliam törətdilər. Xocalı qətliamı bu gün dünyanın bir çox ölkələri tərəfindən soyqırım kimi tanınır”.
S.Zahidov eləcə də Azərbaycan Ordusunun anti-terror əməliyyatları zamanı yalnız legitim hədəfləri nişan alıb və mülki əhalinin rahat şəkildə öz istəkləri ilə çıxışını təmin etdiyini qeyd edib.
O əlavə edib ki, Ermənistan və onu dəstəkləyən Fransa bunu görməzdən gəlir: “Fransanın bu siyasəti regional təhlükəsizliyə və sülhə xidmət etmir. Əksinə, bunlar Ermənistanı daha çox provakasiyaya, dekonstruktiv siyasətə təhrik edəcək addımlardır. Bu gün Fransa Ermənistana Bastion, Sezar tipli texnika və silahlar verir, Ermənistanı sülhü uzatmağa təhrik edir. Bütün bunlar hamısı sözsüz ki, regional təhlükəsizliyə xidmət etməyən addımlardır ki, bundan da ən çox Ermənistanın gələcəyinə zərər dəyə bilər”.

“Ermənistan avantürasından əl çəkmir”

Politoloq Kazım Kazımov Fransanın xarici işlər nazirinin Azərbaycanın Ermənistanın hansı beynəlxalq hüququnu pozduğuna əvvəlcə açıqlıq gətirməli olduğunu söyləyib: “Beynəlxalq hüquq təəssüflər olsun ki, bu gün xüsusən kollektiv Qərb tərəfindən o qədər siyasiləşdirilib ki, ona görə də onlar beynəlxalq hüququ şərh edirlər və ölkəmizə qarşı da istifadə etməyə çalışırlar”.
O vurğulayıb ki, Azərbaycanın 30 il 20 faiz torpaqlarını işğal edən Ermənistan olub: “Həmçinin Azərbaycana qarşı Xocalı soyqırımı törədən və digər qətliamlara imza atan, Qarabağın flora və faunasını yox edən, eləcə də insanlardan əlavə, həm də təbiətə, heyvanlara qarşı terror həyata keçirən Ermənistan olub. Ermənistan bu gün hansı beynəlxalq hüquq normasında təzyiqə məruz qalır? İkinci tərəfdən isə bu gün Azərbaycan sülh imzalamağa çalışan tərəfdir. Ermənistan isə avantürasından əl çəkmir. Belə olan təqdirdə Fransız xarici işlər nazirinin bizi hədəf almasının bir səbəbi var, məqsəd siyasidir”.
K.Kazımov əlavə edib ki, beynəlxalq hüquqdan söhbət düşürsə, Fransa özü Yeni Kaledoniya və okeanda yerləşən adalarda insanların ən təməl hüquqlarını pozur: “Belə olan təqdirdə biz görürük ki, nazirin çıxışının səbəbi siyasidir. Çünki Azərbaycan bu gün Qərbin diktələrinə uymur, Fransanın kolonializminə qarşı mübarizə aparır və belə olan təqdirdə yenə də onlar Ermənistandan bir kart kimi istifadə edirlər”.

Röya İsrafilova