“PKK rəhbərliyi belə bir mesaj verməyə çalışır ki...” Siyasət

“PKK rəhbərliyi belə bir mesaj verməyə çalışır ki...”

“Ankarada baş verən bu hadisə çox ciddi bir terror hadisəsidir və onun zamanlaması da kifayət qədər maraqlıdır. Belə ki, bir neçə gün öncə Türkiyədə Milliyyətçi Hərəkat Partiyası tərəfindən terrorçubaşı Abdullah Öcalana bir müraciət olundu. Ona təklif olundu ki, Türkiyə Böyük Millət Məclisinə (TBMM) gələrək orada terror təşkilatını buraxdığı və silahı yerə qoyduğu ilə bağlı bəyanat versin”.
Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.
Politoloq bildirib ki, bu hadisə bir neçə səbəbdən törədilə bilər: “Bu səbəblərdən birincisi qeyd etdiyim kimi məhz PKK terror təşkilatının bu çağırışa və Türkiyədə terroru bitirməklə bağlı Türkiyə hakimiyyətinin irəli sürdüyü təklifləri sabotaj etməkdir. Çünki yayılan məlumatlara görə A.Öcalanla onun qohumu İmral da görüşüb. Son iki il yarımda bu, ilk belə görüşdür. A.Öcalanla Şimali İraqda Kandildə yerləşən terror təkilatının rəhbərliyi arasında bir çox məsələlərdə fikir ayrılığı var. Belə heab olunur ki, məhz bu hadisəni törətməklə İraqda yerləşən PKK rəhbərliyi belə bir mesaj verməyə çalışır ki, əsas güc onlardır və onların rəyi olmadan hansısa bir anlaşmaya getmək mümkün deyil”.

Röya İsrafilova