“TUSAŞ-ı hədəfə gətirən səbəblərdən biri bu ola bilər” Siyasət

“TUSAŞ-ı hədəfə gətirən səbəblərdən biri bu ola bilər”

“Ankaradakı terrora digər bir səbəb hesab edirəm ki, son dövrlər Yaxın və Orta Şərqdə baş verən hadisələr və Türkiyənin bu prosesdə tutduğu roldur”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O.Qasımov əlavə edib ki, məhz bu terror hadisəsi ilə müəyyən güclər tərəfindən Türkiyəyə bəzi mesajlar verilə bilər: “Digər tərəfdən məhz TUSAŞ-ın hədəf alınması kifayət qədər ciddi mətləblərdən xəbər verir. Belə ki, bu qurum 50 ilə yaxındır fəaliyyət göstərir. Xüsusilə son illər hərbi sənaye kompleksi sahəsində, müdafiə sənayesində Türkiyənin qazandığı uğurlar və bu uğurlarda TUSAŞ-ın önəmli payının olması da onun hədəfə alınmasına əsas səbəb olan məsələlərdən biridir. Belə ki, TUSAŞ son bir neçə ildə çox ciddi layihələr həyata keçirir. Bu layihələrin həyata keçirilməsi TUSAŞ-ı hədəfə gətirən səbəblərdən biri ola bilər”.
Politoloq terrora başqa səbəbin Türkiyənin yürütdüyü müstəqil xarici siyasətlə bağlı olduğunu bildirərək qardaş ölkənin bir çox ənənəvi tərəfdaşları tərəfindən duyulan narahatlıq olduğunu da əlavə edib: “Xüsusilə də hadisənin Türkiyə Prezidentinin BRICS toplantısında iştirak etdiyi zaman baş verməsi də bu səbəblərdən biri ola bilər. Yəni bu məsələlər üzərindən Türkiyəyə bir mesaj verilməyə çalışılır. Bütün bunlara baxmayarq 40 ildən artıqdır terrorla davamlı və effektiv mübarizə aparan Türkiyəni öz yolundan döndürmək mümkün olmayacaq və hesab edirəm ki, bu terror hadisəsinin təşkilatçıları, sifarişçiləri müəyyənləşdiriləcək və öz cəzalarını alacaqlar”.

Röya