Xaraba gözəl.... Siyasət

Xaraba gözəl....

Arzu Şirinova

Oktayabrın 25-də Qubadlı rayonunun erməni işğalından azad edilməsindən 4 il keçir. Bu illər ərzində bir neçə dəfə cəhd etmişəm ki, böyüyüb boya-başa çatdığım yurduma-Qubadlı rayonunun Mahmudlu kəndinə gedim. Alınmırdı. Qismət 4 ilin tamamına az qalmışa imiş. Kimlər kəndə gedib gəlirdisə bir nəfər kimi hamı bu fikri söyləyirdi-gördüyün mənzərə uşaqlıq, gənclik xatirələrini siləcək və yerində erməni vandallarının bərbad günə qoyduğu xarabazarlıq həkk olunacaq. Açığı inanmırdım. Nə yazıq ki, deyilən kimi varmış...
...Bəri başdan elimin dəyərli oğlu Təyyar qardaşıma və yolboyu bələdçimiz olan Nəsibə bacıma, eyni zamanda sürücümüz Hüseyn qardaşa minnətdarlığımı bildirirəm. Beləliklə, kəndimizin 7 qızı-Nabat, Bahar, Venera, Səidə, Nəsibə, Şəlalə (artıq ağbirçəkləri-A.Ş.) Balasoltanlı kəndindən gəlinimiz Sevinc və mən Qubadlıya yollandıq. Açığı deyim ki, içimdə qarma-qarışıq hissilər vardı-həsrətmi, sevincmi, kədərmi, hirsmi, hikkəmi bilmirəm. Yolboyu şer-sənət aşiqi, sinədəftər Nabatın və tarix müəllimi Nəsibənin kəndimizlə bağlı acılı-şirinli xatırələrini dinlədik. Füzuli rayonunun Horadiz qəsəbəsinə qədər olan məsafəni artıq üçüncü dəfə olardı gedirdim. Birinci dəfə Horadizdə şəhid Vüqarın ailəsinin ziyarətinə getmişdim. Və yazı hazırlamışdım. İkinci və üzüncü gedişim isə Şuşaya olmuşdu. Bu dəfə ünvan Qubadlıya idi..
...Səhərin gözü açılmamış Horadizdə yol kənarında yerləşən çayxananın qapısını döydük. Sağ olsunlar, bizi gülər üzlə qarşılayıb çay tədarükünə başladılar. Evdən gətirdiklərimizi masanın üzərinə düzdük. Nabatın bişirdiyi xamralının yeri vardı. Təzə nehrə yağı, pendirlə xamralı ləzzət elədi. Səidənin bişirdiyi südlü çörəklə də çay içdik. Yır-yığış edib üzü Qubadlıya istıqamət aldıq. Füzulinin xaraba kəndlərindən keçib məhşur ağıllı Ağalıya çatdıq. Sürücü marağımızı hiss edib maşını asta sürdü. Xaraba kəndlərdən sonra abad Ağalını görmək qürurverici idi. Bu kənddə yenidən qurma və abadlaşdırmadan sonra salınan ağaclar xeyli böyüyüb. Artıq bar varir...
...Cəbrayıl rayonunun kəndlərində də eyni aqibətdi-xaraba kəndlər və tikintisinə başlanılan yeni kəndlər. Qubadlıya az qalıb. Təxminən bilirdim hansı mənzərəylə qarşılaşacağam. Ancaq yenə də bir ümid vardı ki, 1993-cü ilin avqustun 20-də (Qubadli avqustun 31-də ermənilərin işğalına məruz qalıb. Ailəmiz isə, mən, uşaqlar və həyat yildaşım 11 gün əvvəldən istirahət üçün getdiyimiz rayondan çıxmışdıq. Onu da xüsusi olaraq vurğulayım ki, rayonda olduğumuz müddət ərzində hər gün ermənilər tərəfindən kəndlər, rayon mərkəzi müxtəlif silahlardan atəşə tutulsa da, əhalinin yurdlarından vəhşicəsinə qovulacağı kimsənin ağlına gəlməzdi-A.Ş.) ayrıldığım yurdumda keçmiş, ancaq şirin, əvəzi olmayan günlərdən nələrsə yadigar qalar...
...Bu da Qubadlı. Rayonun Zilanlı və Mahruzlu kəndləri yenidən tikilir. Yenidən tikilir deyirəm ona görə ki, əvvəlki görkəmindən əsər-əlamət yoxdu. Tikilən evlər bəlli ayrılan torpaq sahələrində ardarda tikilir. Çox güman ki, tam hazır olandan və sakinlər evlərinə qayıdandan sonra başqa məzərənin şahidi olacağıq. Xanlıqdan keçirik. Ermənilərin yallı getdikləri Xanlıqdan. İlk olaraq Balasoltanlıya Sevincin ata yurduna baş çəkdik. Həkəri çayının yaxınlığında uşub-dağılan evin həyətində xurma, nar ağacları bar gətirib. Sevinc telefon vasitəsilə yaşlı atası ilə görüntülü danışdı. Bu mənzərənin şahidi olmamaq üçün kənarlaşdım...
...Yenidən Xanlıq kəndinə qayıtdiq ki, rayona gedək və ordan da Mahmudluya qalxaq. Yollarda çox böyük işlər görülür. Demək olar ki, yollar yenidən çəkilir. Bunun da nəticəsi olaraq yolboyu ağaclar bomboz rəngdədir. Üstlərini toz basdığından ağacları bir-birindən ayırmaq olmur. Həkəri çayının üstündə yeni salınan körpünün altından torpaq yolla Qubadlıya getmək üçün aşırıma (həmin yer Ağsu aşırımını xatırladırdı bir vaxtlar-A.Ş.) çatırıq. Bir vaxtlar aşırımın hündürlüyündən baxanda kəndlər-Hal, Qəzyan, Mirlər, Dondarlı, Dəmirçilər görünürdü. Hər biri də Bərgüşad çayının sahillərində, yaşıllıqlar işərisində cənnəti xatıqladırdı. O cənnət məkandan əsər-əlmət yoxdu. Dağıdılmış, xaraba yerlərdir başdan-başa. Rayon mərkəzinə yaxınlaşırıq. Deyilən kimi varmış. Hər yer xarabazarlıq. Tanıdığım ailələrin evlərindən əsər-əlamət yoxdu. Yeni tikilən evlər bünövrəsinə kimi sökülüb (verilən məlumatlara görə, erməni vandalları sökdükləri tikinti materiallarını qonşumuz, sözdə din qardaşımız, əslində isə ermənilərin yandaşları olan farslara satıblar. Nəinki tikinti materiallarını, tarixi abidələrimizi, qəbrüstü mərmər daşları da farslara satıb bu illər ərzində pul qazanıblar-A.Ş.), ancaq çay daşları ilə tikilən evlərin dağıdılan hasarları qalıb. Qubadlı rayonunun 1 saylı orta məktəbinin ərazisində daş daş üstə qalmayıb. Sanki bu yerdə bir vaxtlar iki mərtəbəli məktəb olmayıb...
...Rayon mərkəzindən keçib Mahmudluya yaxınlaşırıq. Xatırladım ki, Mahmudlu kəndi rayondan 3 kilometr məsafədə yerləşir. Ancaq son illər cavan ailələr yeni evlər tikdiyindən az qalırdı ki, kəndimiz rayonla birləşsin. Kəndin qurtaracağından Yazı Düzünə yeni, enli yol salınır. Bu yolun salınmasıyla kənd sakinlərinin bəzilərinin evləri plana düşdüyündən evlərdən əsər-əlamət yoxdu. ..
...Kəndimizin qəbristanlığı. Əzəmətli Qara Qayanın sol yanında, Bərgüşad çayının yarım kilometrliyində, yaz aylarında lalələrin, gül-çiçəklərin əhatəsində olan kənd qəbristanlığı. Evlərimizə getmədən birinci dünyadan köçənlərimizin məzarlarını ziyarət etmək qərarına gəldik. Qəbristanlığın yeri dərə-təpə olub. Bütün başdaşları, sinə daşları sındırılıb. Goreşən ermənilər qəbir yerlərini eşib tanınmaz hala salıblar. Qardaşımın, ulu baba və nənəmin məzar yerlərinin harda olduğunu bilirdim. Bilirdim ki, Novruz Bayramı ərəfəsində qonşumuz Tutu xala dünyadan nakam köçən qızının məzarı baçında, anam da qardaşımın məzarı baçında ürək dağladan səsləriylə ağlayardılar. Mənim o zamanlar 10 yaşım olardı. Yəni 53 il bundan əvvəl. Kirimişcə baxardım. Ağlamazdım. Anamın göz yaşlarının dayanmadan qardaşımın sinə daşına tökülüb islatdığına şahidlik edərdim. O yaşımda da, bu yaşımda da ağlamadım. Bu yaşımda göz yaşlarımı içimə axıtdım. Nə qəbristanlıqda, nə evimizdə, nə də kəndin bəzi yerlərini gəzəndə gözümdən bir damla yaş çıxmadı. Bəlkə ağlasaydım ürəyim dincələrdi, rahatlaşardı...
...Yarım saata yaxın qardaşımın məzarını axtardım. Mənimlə gedən bacılarım da hərə bir tərəfdən sındırılb kənara atılmış baş daşlarına baxır, hərdən də “tapacağıq” deyə, mənə toxtaqlıq verirdilər. Yaddaşıma həkk olunan məzar yeri elə vəziyyətə salınmışdı ki, bu mənzərəni sözlə ifadə etmək mümkünsüzdü. Torpaqları işğal olunan biz, evı-eşikləri xarabazarlığa çevrilən biz, qaçqın-köçkün həyatı yaşayan biz, doğmalarının məzarları təhqir olunaraq tar-mar olunan yenə də biz. Ancaq bizlər bu illər ərzində Bakıda, eləcə də Azərbaycanın müxtəlif yerlərində vaxtilə salınan erməni qəbristanlığında uyuyan bir dənə də olsun erməni məzarına toxunmadıq. Bu təbii ki, mədəniyyətimizin, əxlaqımızın, insanlığımızın və ən əsası milli kimliyimizin göstəricisidir. Bu dəyərlərin də heç birinin ermənilərə aidiyyatı yoxdur. ..
...Nəhayət, bacım Nəsibənin köməkliyi ilə qardaşımın məzarını tapdıq. Daha doğrusu, baş daşı və sinə daşını. Daş sındırılıb, güllə-boran edilib. Bu duruma da şükür edib, ürəyimdə dünyasını dəyişən atama və anama “gözünüz aydın qardaşımın məzarını tapdım, sonrakı gedişimdə məzarı yenidən bərpa edəcəyəm”, deyb ayrıldım.
Qəbristanlığın yuxarı başında qızlarla belə qərara gəldik ki, evləri bir-bir gəzsək çatdıra bilməyəcəyik. Çünki Qubadlının yolları yeni çəkildiyindən narahatdır. Ona görə də Nabatla Bahar kəndin aşağısına, evlərinə üz tutdular. Biz isə evlərimiz bir-birimizə yaxın olduğundan növbə ilə xaraba evlərimizi ziyarət elədik. Birinci başladıq rəhmətlik Şəmil dayının evindən. Məndən fərqli olaraq qızı Venera ağlayıb ürəyini boşaltdı. Onu xatirələrilə baş-başa qoyub Nəsibə, Şəlalə, Sevinc və mən üz tutduq mollalı məhləsinə, yəni bizim məhləyə. Bizdən fərqli olaraq Səidə məhləyə aşağı yoldan gəlmişdi. Yolboyu Aydın dayı, Həsən dayı , Atlıxan dayı və Şirin dayının evlərinin yaxınlığından keçib getdik. Sabir müəllimin evinə çatanda xatirələr yada düşdü. Sabir müəllim və Səvən xalanın qızları Məmləkətlə dost-sirdaş olmuşuq. İkimərtəbəli evlərinin eyvanında(burdan kəndin əksər hissəsi əl içi kimi görünürdü-A.Ş.) Səvən xalanın bişirdiyi ləzzətli mürəbbələrlə samavar çayı içərdik. Hərdən də Qara Qayanın üstünə çıxıb Bərgüşüdın axışını seyr edərdik. ..
...Bu da uşaqlığımı, gəncliyimi yaşadığım ata yurdum-Xasay kişinin evi. Onu da qeyd edim ki, qəbristanlıqda da, evimizə gələndə də yol uzunu hər yer cəngəllik idi. Kəndə gedib-gələnlərin dediyinə görə, obalarımız ilanların oylağına çevrilib. Bəlkə də payız fəslinə tasadüf etdiyindəndir, ilan görmədik...
...Sanki başqa bir yerdəydim. Bir tək nərdivanlardan bilinirdi ki, bura evimizdi. Evimiz, həyətimiz, bağımız kiçilmişdi. Addım atsaydın qonşumuz Asif dayının həyətinə düşərdin. Bizim həyətdə bir dənə olsun meyvə ağacı qalmamışdı. Xaraba evimizin içindən yabanı ağaclar boy qaldırmışdı. Həyətimizin dörd bir yanın gəzə bilmədim. Cəngəlliyin əlindən. Səidə evlərinin həyətindən bizi səslədi. Diki enib, mənim üçün dəyərli olan Vahid dayı və Məlahət xalanın həyətlərinə çatdıq. Rayon işğal olmamışdan öncə təmir etmişdilər evlərini. Təyyarın toyunu edəcəkdilər. Bu evdə Məlahət xala çox əziyyətimi şəkib, qayğıma qalıb. Məlahət xala anam Manya Bakıda xəstəxanada yatanda məni qızları-Səidə, Nəsibə, Ofeliyadan arırmayıb. Elə sonralar da o evi ikinci ata evi bilmişəm. Bir tərəfdə Güllər xalanın o biri tərəgdə Asif dayının, qarşı tərəfdə Arif dayı və Oktay dayının evləri... Molla məhləsinin ağsaqqalları, ağbirçəklərinin hər biri dünyasını dəyişib. Hər birinin özünə məxsus insani keyfiyyətləri, qabiliyyətləri vardı. Bir-birinə hörmətlə yanaşardılar. Can deyib ,can eşidərdilər. Olurdu ki, bulaq başında növbə üstündə cavanlar bir-birilə çəpləşərdilər, onu da yoluna qoyub barışdırardılar. Çox maraqlıdır ki, bizim kəndin hər məhəlləsindən şor bulaq axırdı. Suyu şor olsa da, bumbuz, göz yaşı kimiydi. Qışda sudan buğ çıxırdı, yayda isə soyuq olurdu. Şor bulağa gedə bilmədik. Dediyim kimi cəngəllik imkan vermədi. ...
...Evlərimizdən ayrılıb İsmayıl dayının dükanı olan yerə gəldik. Maşınla kəndin düz yüksəkliyinə qalxdıq. Yuxarı məhəlləyə. Özləri üçün dəmir vaqonlardan kiçik ev düzəldən əziz müəllimimiz Bəhlul və qardaşı Adil bizləri gözləyirdilər. Cəngəllikdən təmizlənən həyətdə arı yeşikləri düzülmüşdü. Onlardan bir qədər aralıda isə Fəxrəddin müəllimin eyni qaydada eviydi ki, onlar şəhərə gəldikləri üçün görüşə bilmədik. Hər kəs gətirdiyini süfrəyə düzdü. Vaxtn nə zaman keçdiyindən xəbərimiz olmadı. Sürücü qardaşımız xatırlatdı ki, uzaq yol gedəcəyik, yığışmaq vaxtıdı. Oturduğumuz yerdın kəndimizə bir daha baxdıq. Nabat demişkən,kəndimiz xaraba olsa da, gözəldi. Havası, suyu, torpağı, təbiəti, çayları, meşələri, göyü, yeri hər şeyi. Bizləri bu yerlərlə, ümumilikdə torpaqlarımızla qovuşduran Şəgidlərimizə Allahdan min rəhmət, qazilərimizə şəfalar diləyib xaraba gözəli-kəndimizi geridə qoyub üz tuturuq şəhərə. Biz rayonda olanda hava tutqun idi. Artıq şəhərə dönəndə-Xanlıqda gün şıxmışdı. Sanki Günəş bizi yola salırdı...