“Avropa Parlamenti Fransanın təzyiqi ilə bu cür bəyanatlar yayır”-Naqif Həmzəyev Siyasət

“Avropa Parlamenti Fransanın təzyiqi ilə bu cür bəyanatlar yayır”-Naqif Həmzəyev

“Avropa Parlamenti tərəfindən biz növbəti qərəzli və həqiqəti əks etdirməyən münasibəti görməkdəyik. Avropa Parlamentində təmsil olunan ölkələrin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəlikləri dəfələrlə işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfərlər edib. Onlar əsl mənzərənin nədən ibarət olduğunu görüb, öz dövlətlərinə, ölkələrinə məruzə ediblər”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.
Deputat əlavə edib ki, kimin işğalçı olduğunu, kimin işğala məruz qaldığını məncə onlar hər kəsdən daha yaxşı bilirlər: “Amma bunu bilmələrinə baxmayaraq yenə də Azərbaycana qarşı təzyiqdən, qarayaxma kampaniyasını davam etdirməkdən qətiyyən əl çəkmirlər. Avropa Parlamenti və orada təmsil olunan dövlətlər insan haqlarından, demokratiyadan danışırlar, amma biz onların öz ölkələrinə baxdıqda çox sayda qanun pozuntularını, neqativ hadisələri fakt olaraq göstərə bilərik. Lakin onlar öz ölkələrindəki problemləri həll etmək yox, Azərbaycana qarşı ikili standartlar nümayiş etdirərək Azərbaycana təzyiq etmək istəyirlər. Çox təəssüflər olsun ki, onlar açıq şəkildə Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamış Ermənistanı müdafiə edir və bu gün də Ermənistanı silahlandıraraq oradakı revanşist qüvvələri daha da qızışdırırlar və faktiki olaraq sülh prosesinə kölgə salırlar”.
N.Həmzəyev vurğulayıb ki, xüsusilə də Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Azərbaycanın uğur qazanması, inkişaf etməsi, güclənməsi onlar tərəfindən qəbul edilməzdir: “Onlar Azərbaycanın Avropa İttifaqına, Avropa Parlamentində təmsil olunan dövlətlərə bəslədiyi münasibəti görməzdən gəlirlər və Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı rolu qəbul etmək istəmirlər. Bir sözlə, Avropa Parlamenti növbəti dəfə Fransanın və digər ermənipərəst qüvvələrin təsiri və təzyiqi altında bu cür bəyanatlar yaymağa davam edir”.
Deputat sonda onların gec-tez həqiqəti, reallığı dərk edəcəyinə inandığını dilə gətirib: “Onlar anlayacaqlar ki, Azərbaycanla güc, təhdiq dili ilə danışmağın heç bir mənası yoxdur, Azərbaycan doğru yoldadır. Azərbaycan öz yolunu davam etdirəcək və istədiyi bütün hədəflərə ən qısa zamanda çatacaq”.
Röya İsrafilova