“Türkiyə dövlətinə mesaj ünvanlayırlar”-Elman Nəsirov Siyasət

“Türkiyə dövlətinə mesaj ünvanlayırlar”-Elman Nəsirov

“Təkzibedilməz bir həqiqət var. O da bundan ibarətdir ki, bütün dünyada beynəlxalq terror təşkilatlarının fəaliyyətində siyasi motiv birinci yerdə dayanır. Terror aktı baş verdisə deməli orada mütləq siyasi motiv var. Eyni yanaşmanı biz oktyabrın 23-də Ankarada TUSAŞ müdafiə müəssisəsində PKK terror təşkilatının törətdiyi terror cinayətinə münasibətdə də söyləyə bilərik”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.
Deputat bildirib ki, ilk növbədə PKK terror təşkilatı Türkiyə hakimiyyətinə, Rəcəp Tayyib Ərdoğan hökumətinə siyasi mesaj ünvanlayır: “Onların davranışları əlaqələndirilmiş, koordinasiya edilmiş davranışdır. Həm də onlar Abdullah Öcalanın konkret şərtlər daxilində azad olunması kimi reallıqları da özləri üçün əsas götürürlər. Hesab edirəm ki, Öcalan ətrafında son müzakirə olunan proseslər fonunda da bu məsələyə yanaşırlar. Eyni zamanda, onlar FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin ölməsindən sonra yaranmış yeni reallıq fonunda Türkiyə dövlətinə mesaj ünvanlayırlar. Özlərinin zəifləmədiklərini, var olduqlarını isbatlamaq istəyirlər”.
Röya İsrafilova