“Avropada baş verən hadisələr yeni münaqişə ocaqlarının təməlidir” Siyasət

“Avropada baş verən hadisələr yeni münaqişə ocaqlarının təməlidir”

“Avropa Parlamenti və Avropa İttifaqı ölkələrində insan hüquqları ilə bağlı müxtəlif problemlər və müzakirələr mövcuddur. Hər bir ölkənin özünəməxsus problemləri, çətinlikləri var və bu problemlər bəzən beynəlxalq səviyyədə müzakirə olunur”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
O bildirib ki, islamofobiya, ifrat sağçılıq, türkofobiya və ukraynafobiya kimi məsələlər də Avropa ölkələrində mövcuddur və bu problemlər cəmiyyətlərdə narahatlıq yaradır: “Miqrantların kütləvi ölüm halları, neokolonializm kimi məsələlər də ciddi problemlərdir və bu mövzular haqqında daha çox məlumatlandırma və müzakirə tələb olunur. İslamofobiya, ifrat sağçılıq, turkofobiya və ukraynafobiya kimi məsələlər cəmiyyətlərdə ciddi problemlərə səbəb ola bilər”.
Politoloq bu məsələlərin gələcəkdə bir neçə əsas problem yarada biləcəyini vurğulayıb: “Bu fobiyalar və ifrat sağçılıq cəmiyyətlərdə sosial gərginlik və ayrı-seçkilik yarada bilər. İnsanlar arasında nifrət və düşmənçilik artar, bu da cəmiyyətin birliyini və harmoniyasını pozan amillərdən biridir. İslamofobiya və turkofobiya kimi fobiyalar irqçilik və ayrı-seçkilik hallarını artırar. Bu, insanların iş yerlərində, təhsil müəssisələrində və ictimai yerlərdə ayrı-seçkiliyə məruz qalmasına səbəb olar. Bu isə böyük sosial partlayışlara gətirib çıxardar”.
E.Telmanoğlu diqqətə çatdırıb ki, bu fobiyalar və ifrat sağçılıq sosial və iqtisadi problemlərə səbəb ola bilər: “İnsanlar arasında qarşılıqlı inamsızlıq və düşmənçilik artar, bu da iqtisadi fəaliyyətləri və əməkdaşlığı zəiflədər. İslamofobiya və digər fobiyalar insan hüquqlarının pozulmasına səbəb ola bilər. İnsanlar dini və etnik mənsubiyyətlərinə görə təqib edilə bilər. Bu da onların hüquqlarının pozulmasına gətirib çıxarar”.

O həmçinin bu fobiyaların və ifrat sağçılıq beynəlxalq münasibətlərdə gərginlik yarada biləcəyini də deyib: “Ölkələr arasında qarşılıqlı inamsızlıq, düşmənçilik artar, bu da beynəlxalq əməkdaşlığı və sülhü zəiflədər. Avropada bu gün baş verən bu cür hadisələr bir növ gələcəkdə yeni münaqişə ocaqlarının təməlidir”.

Röya İsrafilova