“PKK və FETÖ terror təşkilatlarını eyni aqibət gözləyir”-deputat Siyasət

“PKK və FETÖ terror təşkilatlarını eyni aqibət gözləyir”-deputat

“Faktiki olaraq PKK terror təşkilatının lideri Abdullah Öcalan və FETÖ terror təşkilatının başçısı Fətullah Gülən faktorunu ön plana çəkmək istəyirəm. Yəni hər iki terror təşkilatına bağlı qüvvələrin indiki halda məsləhətləşmələr nəticəsində koordinasiya olunmuş fəaliyyəti göz qabağındadır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O qeyd edib ki, bununla da onlar Türkiyə hakimiyyətinə təzyiq göstərmək istəyirlər: “Bunun qarşılığında Türkiyə dövləti və onun silahlı qüvvələri İraqda və Suriyada terror təşkilatlarına qarşı artıq hava zərbələri endiriblər. Onların məntəqələri məhv edilir. Hesab edirəm ki, bu terror təşkilatları özləri üçün nəticə çıxarmalıdırlar”.
Deputat əlavə edib ki, hər halda onların heç biri Əl-Qaidədən güclü deyil: “Artıq terror təşkilatları siyahısında Əl-Qaidənin adına rast gəlmək çətin bir məsələyə çevrilib. Bu təşkilatın özü artıq fiaskoya uğramaqdadır. Həmçinin Yaxın Şərqdə İŞİD kifayət qədər güclü terror təşkilatı idi, meydan sulayırdı. İndi artıq onun da adına rast gəlmək olmur. Yəni onlar da siyasi səhnəni tərk etmək məcburiyətində qalıblar və hesab edirəm ki, oxşar aqibət uzaq olmayan tarixdə PKK-nı və PKK ilə bağlı olan siyasi dairələri də gözləyir. Həmçinin FETÖ terror təşkilatını da eyni aqibət gözləyəcəyini proqnozlaşdırmaq olar”.

Röya