“Rustavi ərazisində qarşıdurma olmadı” - Arzu Nağıyev Siyasət

“Rustavi ərazisində qarşıdurma olmadı” - Arzu Nağıyev

“Bu gün Gürcüstanda proporsional sistem üzrə Parlament seçkiləri keçirilir. 150 deputatın seçilməsi gözlənilir. Parlamentdə həm iqtidarda olan "Gürcü Arzusu", həm də digər müxalif partiyalar 5 faizlik bariyeri keçərək deputat mandatı qazanmaq uğrunda mübarizə aparır”.

Bunu Xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçiqrupun rəhbəri, Azərbaycan Milli Məclisinin deputatı Arzu Nağıyev deyib.
O qeyd edib ki, Azərbaycan Milli Məclisinin 8 deputatı müşahidəçi qismində seçkiləri izləyir: “Biz bu gün Rustavidə 10 seçki dairəsində, məntəqələrdə olduq və seçkilərin keçirilməsini müşahidə etdik. Ümumiyyətlə, aktivlik var. Heç bir problem yaranmayıb. Rustavi ərazisində hansısa qarşıdurma olmadı, görmədik. Sakit bir tərzdə səsvermə davam edir. Müşahidəçi kimi biz, eyni zamanda, Tbilisinin bir neçə seçki məntəqəsində olacağıq və yenə də müşahidə ediləcək əsas məntəqələrlə bağlı məlumatımız olacaq. Bir sözlə, həddən artıq çox müşahidəçi var. Qərbin müşahidəçiləri, eləcə də müxtəlif ölkələrdən gəlmiş müşahidəçilər, eyni zamanda, qeyri-hökumət təşkilatlarının müşahidəçiləri var. Seçki normal şəkildə davam edir. Gürcüstanın gələcəyini gürcü xalqı müəyyən edəcək”.