“Seçki hazırkı vaxta qədər sakit bir məcrada baş tutur” Siyasət

“Seçki hazırkı vaxta qədər sakit bir məcrada baş tutur”

“Qardaş Özbəkistanda ikipalatalı parlamentin aşağı palatası olan Qanunvericilik Palatasına seçki keçirilir. Seçki ümumiyyətlə, hazırkı vaxta qədər sakit bir məcrada baş tutur. Yəni hər hansı qeyri-adi adi hadisə yoxdur”. Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.

Siyasi şərhçi qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da 60 nəfər müşahidəçi ilə bu seçkini müşahidə edir. Seçki normal gedir, rəqabət var. Fərqli siyasi qruplar bu seçkidə öz güclərini sınayırlar. 150 nəfərin seçilməsi nəzərdə tutulur. Bir qayda olaraq Özbəkistan Parlamentinin aşağı palatası, yəni Qanunvericilik Palatası çoxpartiyalı sistemdən formalaşır. Üstəlik də nəzərə almaq lazımdır ki, bu 150 nəfərlik tərkibin düz yarısı proporsional siyahı üzrə seçilir, yerdə qalanlar birmandatlı dairələrdən seçilir”.

A.Həsrət həmçinin vurğulayıb ki, Özbəkistan qanunveriliciliyinə görə seçkinin baş tutmuş sayılması üçün ölkə üzrə siyahıda olan seçicilərin ən azı üçdə biri səsvermədə iştirak etməlidir: “Qardaş Özbəkistanda seçkilərdə qeyri-adi heçnə baş vermədiyini, yəni əhalinin seçki məsələsində intizamlı olduğunu nəzərə alsaq, düşünürəm ki, nəinki üçdə bir, 50 faizdən də artıq, hətta 70-80 faizə qədər iştirak gözləyə bilərik. Ümumilikdə götürəndə, əlbəttə ki, bu seçki qardaş Özbəkistanın qanunverici hakimiyyətinin növbəti bir mərhələyə daşınması üçün vasitə olacaq. Biz də günün sonuna doğru xeyirli, uğurlu nəticələri gözləyirik”.

Röya İsrafilova