Azərbaycanla təhdid dili ilə danışmağın heç bir mənası yoxdur Siyasət
Ötən həftə oktyabrın 24-də Avropa Parlamenti (AP) “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamə qəbul edib. “Xalq Cəbhəsi” məsələni Milli Məclisin deputatları və politoloqlarla müzakirə edib.
“Avropa Parlamenti Fransanın təzyiqi ilə bu cür bəyanatlar yayır”
Tarix üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Naqif Həmzəyev qeyd edib ki, AP-də təmsil olunan ölkələrin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəlikləri dəfələrlə işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfərlər edib. Onlar əsl mənzərənin nədən ibarət olduğunu görüb, öz dövlətlərinə, ölkələrinə məruzə ediblər.
Deputat əlavə edib ki, kimin işğalçı olduğunu, kimin işğala məruz qaldığını məncə onlar hər kəsdən daha yaxşı bilirlər: “Amma bunu bilmələrinə baxmayaraq yenə də Azərbaycana qarşı təzyiqdən, qarayaxma kampaniyasını davam etdirməkdən qətiyyən əl çəkmirlər. AP və orada təmsil olunan dövlətlər insan haqlarından, demokratiyadan danışırlar, amma biz onların öz ölkələrinə baxdıqda çox sayda qanun pozuntularını, neqativ hadisələri fakt olaraq göstərə bilərik. Lakin onlar öz ölkələrindəki problemləri həll etmək yox, ikili standartlar nümayiş etdirərək Azərbaycana təzyiq etmək istəyirlər. Çox təəssüflər olsun ki, onlar açıq şəkildə Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamış Ermənistanı müdafiə edir və bu gün də Ermənistanı silahlandıraraq oradakı revanşist qüvvələri daha da qızışdırırlar və faktiki olaraq sülh prosesinə kölgə salırlar”.
N.Həmzəyev vurğulayıb ki, xüsusilə də Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Azərbaycanın uğur qazanması, inkişaf etməsi, güclənməsi onlar tərəfindən qəbul edilməzdir: “Onlar Azərbaycanın Avropa İttifaqına (Aİ), AP-də təmsil olunan dövlətlərə bəslədiyi münasibəti görməzdən gəlirlər və Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı rolu qəbul etmək istəmirlər. Bir sözlə, AP növbəti dəfə Fransanın və digər ermənipərəst qüvvələrin təsiri və təzyiqi altında bu cür bəyanatlar yaymağa davam edir”.
Deputat sonda onların gec-tez həqiqəti, reallığı dərk edəcəyinə inandığını dilə gətirib: “Onlar anlayacaqlar ki, Azərbaycanla güc, təhdiq dili ilə danışmağın heç bir mənası yoxdur, Azərbaycan doğru yoldadır. Azərbaycan öz yolunu davam etdirəcək və istədiyi bütün hədəflərə ən qısa zamanda çatacaq”.
“Azərbaycana qarşı iyrənc mövqede olan qüvvələrə bəhanə verməməliyik”
Politoloq Natiq Cəfərli AP-nin, ümumiyətlə, Qərbin bəzi institutlarının Azərbaycana qarşı yönəlik sərsəm bəyanatlarının kifayət qədər qəzəb doğurduğunu bildirib: “Əsas məsələ də təbii ki, erməni canilərinin, separatçılarının siyasi məhbus kimi elan olunması, absurd olan etnik təmizləmə iddiası, bütün bunlar qəbuledilməzdir”.
O qeyd edib ki, amma Azərbaycan tərəfdən də Qərb üçün yox, özümüz üçün daxilimizdə olan problemləri özümüz çözməliyik ki, Azərbaycana qarşı iyrənc mövqede olan qüvvələrə bəhanə verməyək”.
Politoloq bunun çox vacib olduğunu deyərək bu məsələni iki hissəyə ayırmalı olduğumuzu bildirib: “Qərb üçün yox, ölkə daxilində özümüz üçün, bu problemlərin həlli yollarını tapmalıyıq ki, bu yöndə tənqidlər Azərbaycana qarşı səslənməsin. Amma Avropa və Qərb strukturlarından erməni canilərinin siyasi məhbus kimi elan olunması cəhdlərinə, etnik təmizləmə kimi absurd iddialara da çox sərt cavab verilməlidir”.
N.Cəfərli əlavə edib ki, bir tək hakimiyyət orqanları tərəfindən yox, əlaqələri olan müxalif partiyalar və qeyri-hökumət təşkilatları da bununla bağlı çox ciddi mövqe ortaya qoymalıdırlar: “Hər dəfə görüşlərdə, xarici konfranslarda bizim belə bir mövqemiz olur. Keçən həftə mən Praqada böyük bir konfransda idim, orada da bu haqda danışdım. Yəni bu, dövlət maraqları məsələsi olduğuna görə mütləq bu mövqelər Qərb dairələrinə çatdırılmalıdır. Amma bir daha təkrar edirəm, daxilimizdə olan problemlərimizi də özümüz üçün öz gücümüzlə həll etməliyik”.
“Qərb isə özündə hökm sürən qeyri-təbii dəyərlərlə regionumuzu çirkaba batırmaq istəyir”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova vurğulayıb ki, Qarabağda Zəfər əldə etdikdən, ən əsas da suverenliyimizi bərpa etdikdən sonra Qərb təsisatlarının Azərbaycanın əleyhinə yürütdüyü siyasətin daha da alovlandığına biz, hətta bütün dünya şahiddir.
Politoloq qeyd edib ki, AP-ni onsuz da bilirik, bu dəfə də yenə yaddaşımızı təzələdilər: “Məsələ orasındadır ki, onların əlinə su tökən, sapı özümüzdən olan baltalar da daxil olmaqla Azərbaycanın uğurlarını həzm edə bilməyənlərin yanında məhz AP tərəfindən təşkil olunan Azərbaycan əleyhinə müzakirələrdə Aİ da yer alırsa, o zaman hardadır Brüssel formatı, neytral vasitəçilik, insan hüquqları? Deməli, həqiqətən də Qərbə nəinki bel bağlamaq, heç arxa çevirmək də olmaz”.
Ş.Həsənova bildirib ki, Cənubi Qafqaz multikultural dəyərlərə malik bir regiondur, bu regiona çaxnaşmanı, ənənəvi dəyərlərə tamamilə əks dəyərləri kənardan sırımağa çalışanların öz cəmiyyətlərində ifrat sağçılıq, türkofobiya, islamafobiya mövcuddur, hətta artıq ukraynafobiya da yaranır: “Nəyə görə? Ona görə ki, Ukraynaya ağıza atılmalı yem kimi baxırdılar. Bunu udmaq mümkün olmadığından artıq qusmağa başlayıblar. Yəni, Qərb üçün əsas “altda qalanın canı çıxsın” prinsipi ilə öz qarnını doyuzdurmaqdır. Lakin Azərbaycanın bu ittihamlara, insan hüquq və azadlıqları kimi nağıllara, cəmiyyətimizin də belə hoqqabazlara qarnı toxdur”.
O əlavə edib ki, insan haqları müdafiəçilərinin Aİ ölkələrində azlıqlara qarşı ayrı-seçkilikdən xüsusilə narahatlıq keçirməsi haqqında mətbuatda tirajlarla dərclər mövcuddur: “Fransanın müstəmləkəçilik siyasəti, eyni zamanda, bu ölkədə azlıqların, qaraçıların təhsil imkanları məhduddur. Qərbin qaçqınların qəbulu və sığınacaq verilməsi ilə bağlı siyasəti bəllidir. Bəlli olan həm də Avropada hakimiyyət orqanlarının günahı üzündən miqrantların kütləvi ölüm halları, Aralıq dənizində həlak olan qaçqınlardır ki, o kadrları dünya mediası hələ də göstərir”.
Ş.Həsənova vurğulayıb ki, bunun məsuliyyəti dövlətləri maraqlarına görə qızışdıran, sonra isə özünü miqrant axınından təcrid etməyə çalışan Qərbin üzərindədir.
Politoloq Aİ-nin özündə də həmrəylik olmadığını, bunun acı nəticəsini də dotasiyalarla qidalanan dövlətlərin çəkdiyini qeyd edib.
Həmçinin Ş.Həsənova əlavə edib ki, Aİ insan hüquqları komissarı bir dəfə də olsun sadaladığımız faktlardan danışmır: “Siyasi korrupsiyanın özəyinə, erməni lobbisinin yuvasına çevrilmiş AP COP29 ərəfəsində Azərbaycanı hədəf götürüb. Məktublarda Nikol Paşinyanı “vətənpərvər” adlandıraraq sözlərlə başına gül tökməklərin səbəbi necə də aydın görünür. Necə olur ki, həbsxanadakı separatçılardan narahatsınız, amma Birinci Qarabağ savaşında nə öldüyü, nə qaldığı məlum olmayan insanların əzizlərinin halı sizi narahat etmir? Azərbaycanın yürütdüyü siyasət separatizmin kökünü tamamilə bütün regionda kəsməyə yönəlib. Məqsəd Cənubi Qafqazın iqtisadi zonaya çevrilərək təlatümlərdən təbii yollarla uzaq tutulmasıdır. Qərb isə özündə hökm sürən qeyri-təbii dəyərlərlə regionumuzu çirkaba batırmaq istəyir”.
“Avropa Parlamenti rüşvət və korrupsiyalaşmış bir təşkilatdır”
Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, professor Kamilə Əliyeva qeyd edib ki, AP həmişə Azərbaycana qarşı qərəzli, düşmən mövqeyi siyasəti həyata keçirib: “Xüsusən ölkəmiz torpaqlarını düşməndən azad edib, suverenlik və ərazi bütövlüyümüzü bərpa etdikdən sonra Azərbaycana qarşı qərəzli və təxribat xarakterli bəyanatlar daha da genişlənib”.
Professor AP-nin rüşvət və korrupsiyalaşmış bir təşkilat olduğunu bildirərək bu təşkilatın erməni lobbisinin, Qərbdə Azərbaycana düşmən olan dövlətlərin, xüsusən Fransanın əlində oyuncağa çevrildiyini vurğulayıb və AP-nin yeniləşmiş deputatları əvvəlki heyətdən daha çox ölkəmizə qarşı təxribat xarakterli bəyanatlar qəbul etdiklərini deyib.
O, AP-də üstünlük təşkil edən ifrat sağçılarda islamafobiya, türkofobiya fikirləri daha qabarıq şəkildə özünü büruzə verdiyini diqqətə çatdırıb: “AP Azərbaycanın Qarabağ bölgəsində xalqımıza qarşı qanlı cinayətlər törədiblər. Onlar dövlətimizin ərazi bütövüyü və suverenliyinə qarşı ağır cinayətlər həyata keçirmiş separatçıları hərbi əsir kimi qələmə verməyə çalışırlar. Özlərini demokrat, insan haqlarının müdafiəçisi adlandıran Aİ və AP hər bir kəsdə ikrah hissi yaradır”.
K.Əliyeva həmçinin Fransa, Niderland kimi dövlətlərin XXI əsrdə də müstəmləkəçilik, neokolonializm siyasətini həyata keçirdiyini qeyd edərək bildirib ki, Fransa Afrikada, Şərqdə dövlətlərə və xalqlara qarşı dəhşətli cinayətlər törədib: “Bu gün də Yeni Kaledoniya və Dənizaşırı bölgələrdə yerli xalqlara qarşı cinayətlər davam etdirilir. Aİ və AP bu vəhşiliklərə, cinayətlərə göz yumur. Susmaqla Fransanın müstəmləkə siyasətinə haqq qazandırmış olurlar. Azərbaycan dövləti isə dinindən, irqindən asılı olmayaraq bütün xalqların nüməyəndələrinin hüquq və azadlıqlarını müdafiə edir. AP tərəfindən 24 oktyabrda qəbul edilmiş qətnamə, eləcə də qurumda baş tutan müzakirələr çərçivəsində Avropa komissarı tərəfindən səsləndirilən əsassız və qərəzli fikirlər bir daha avropalı siyasətçilərin düşmən mövqeyinin nümunəsidir. Azərbaycan Xarici İşlər Nazirliyi də haqlı olaraq Aİ-yə nota verdi. Azərbaycan heç bir dövlətin təzyiqlərindən, hədələrindən çəkinməyən, ölkəmizə qarşı yönələn istənilən təxribata layiqli cavab verə biləcək güclü bir dövlətdir”.
O, sonda vurğulayıb ki, bu cür bəyanatlar, qətnamələr bizim üçün heç bir əhəmiyyət kəsb etmir.
“İslamofobiya və digər fobiyalar insan hüquqlarının pozulmasına səbəb ola bilər”
Politoloq Elman Telmanoğlu deyib ki, AP və Aİ ölkələrində insan hüquqları ilə bağlı müxtəlif problemlər və müzakirələr mövcuddur. E.Telmanoğlu eləcə də hər bir ölkənin özünəməxsus problemləri və çətinlikləri olduğunu və bu problemlərin bəzən beynəlxalq səviyyədə müzakirə edildiyini bildirib.
O qeyd edib ki, islamofobiya, ifrat sağçılıq, türkofobiya və ukraynafobiya kimi məsələlər də Avropa ölkələrində mövcuddur və bu problemlər cəmiyyətlərdə narahatlıq yaradır: “Miqrantların kütləvi ölüm halları və neokolonializm kimi məsələlər də ciddi problemlərdir və bu mövzular haqqında daha çox məlumatlandırma və müzakirə tələb olunur. İslamofobiya, ifrat sağçılıq, turkofobiya və ukraynafobiya kimi məsələlər cəmiyyətlərdə ciddi problemlərə səbəb ola bilər”.
Politoloq bu məsələlərin gələcəkdə bir neçə əsas problem yarada biləcəyini vurğulayıb: “Bu fobiyalar və ifrat sağçılıq cəmiyyətlərdə sosial gərginlik və ayrı-seçkilik yarada bilər. İnsanlar arasında nifrət və düşmənçilik artar, bu da cəmiyyətin birliyini və harmoniyasını pozan amillərdən biridir. İslamofobiya və turkofobiya kimi fobiyalar irqçilik və ayrı-seçkilik hallarını artırar. Bu, insanların iş yerlərində, təhsil müəssisələrində və ictimai yerlərdə ayrı-seçkiliyə məruz qalmasına səbəb olar. Bu isə böyük sosial partlayışlara gətirib çıxardar”.
E.Telmanoğlu diqqətə çatdırıb ki, bu fobiyalar və ifrat sağçılıq sosial və iqtisadi problemlərə səbəb ola bilər: “İnsanlar arasında qarşılıqlı inamsızlıq və düşmənçilik artar, bu da iqtisadi fəaliyyətləri və əməkdaşlığı zəiflədər. İslamofobiya və digər fobiyalar insan hüquqlarının pozulmasına səbəb ola bilər. İnsanlar dini və etnik mənsubiyyətlərinə görə təqib edilə bilər və bu da onların hüquqlarının pozulmasına gətirib çıxarar”.
O həmçinin bu fobiyaların və ifrat sağçılıq beynəlxalq münasibətlərdə gərginlik yarada biləcəyini də deyib: “Ölkələr arasında qarşılıqlı inamsızlıq və düşmənçilik artar, bu da beynəlxalq əməkdaşlığı və sülhü zəiflədər. Avropada bu gün baş verən bu cür hadisələr bir növ gələcəkdə yeni münaqişə ocalarının təməlidir”.
“Erməni təbliğatının burada da rolu var”
Politoloq Vaqif Hüseyn Aİ, ümumiyyətlə, Qərbin xüsusilə Qarabağ və Ermənistanla bağlı münasibətlərdə qərəzli fikir yürütməsinin açıq-aşkar bəlli olduğunu və xüsusən Qarabağ erməniləri ilə bağlı çox haqsız tələblər səsləndiyini bildirib.
V.Hüseyn əlavə edib ki, Azərbaycanda hazırda həbs olunan quldur separatçılar, onların liderləri ilə bağlı çox haqsız yerə ittihamlar səsləndirilir: “Erməni təbliğatının burada da rolu var. Guya orada 100 min erməninin zorla etnik təmizləməyə məruz qalması kimi abusrd ittihamlar irəli sürülür. Amma təbii ki, bu, Avropa İttifaqının ayrı-ayrı üzvlərindəndir. Ümumi olaraq hələki Azərbaycana qarşı daha sərt ifadələrə yol verilmir. Hələki bu barədə onlarla bağlı rəsmi səviyyədə mübahisə yaranmayıb”.
O, Azərbaycanın daxili mühitində də müəyyən düzəltmələrə ehtiyac olduğunu deyib: “Ermənistan və Qarabağ erməniləri ilə bağlı üzərizimə gəlinən belə bir həssas, əsassız ittihamların olduğu dönəmdə Azərbaycanda müəyyən tədbirlər görülməlidir. Daxili mühitdə müəyyən islahatlar aparılmalıdır. Hər bir halda tam sərtliyə də getmək doğru deyil”.