Azərbaycan artıq başıuca gəzən dövlət və xalqdır Siyasət

Azərbaycan artıq başıuca gəzən dövlət və xalqdır

Azər Qasımov: “Avropa və dünya təşkilatlarının Azərbaycana nəyisə öyrətmək şansları artıq yoxdur”

Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalara çağırış edib. Bu ayın əvvəlində ABŞ Senatının və Nümayəndələr Palatasının 60 yaxın üzvü də Azərbaycana təzyiq məqsədi ilə oxşar çağırışda bulunub. Avropa Parlamentinin 2024-cü il 24 oktyabr tarixində Azərbaycana qarşı qəbul etdiyi qətnamə (“Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər”) beynəlxalq hüququn normalarına zidd, obyektivlikdən uzaq və birtərəfli addım kimi qiymətləndirilib. Bu qərarın təməlindəki qərəzli yanaşmanın yalnız Azərbaycan deyil, bütün suveren ölkələr üçün narahatlıq doğurduğu vurğulanıb.

Bununlka bağlı Avropa Birliyinin Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb.

Bildirilib ki, Avropa Parlamenti tərəfindən 24 oktyabr tarixində qəbul edilmiş qətnamə, eləcə də bu qurumda baş tutmuş müzakirələr çərçivəsində Avropa Komissarı tərəfindən səsləndirilən əsassız və qərəzli fikirlər qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.

AB-nin müxtəlif institutları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyasının davam etdirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd edən, onun daxili işlərinə müdaxilə edən bəyanat və addımların Ermənistanda revanşizmi təşviq etdiyi, bununla regionda sülh səylərinə xələl gətirdiyi vurğulanıb.

Azərbaycanın Avropa Birliyi ilə münasibətlərini beynəlxalq hüququn norma və prinsipləri, qarşılıqlı hörmət, bərabərhüquqluluq və ümumi fayda prinsipləri əsasında qurduğu bildirilib, qarşı tərəf də bu fundamental prinsiplərə ciddi şəkildə əməl etməyə çağırılıb.

"Avropa Birliyi tərəfindən Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən, regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinilməsi tələb olunub", - deyə məlumatda qeyd edilib.

Politoloq Azər Qasımov “Xalq Cəbhəsi”nə deyib ki, Azərbaycanın frazeoloji lüğətində Avropa Parlamentinin hərəkətlərinə uyğun gələn belə bir misal var: "İt əl çəkir, motal əl çəkmir". Avropa Parlamentinin oktyabrın 24-də “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamə qəbul etməsinə bundan başqa ad vermək olmaz. Avropanın allı-şanlı, adlı-sanlı dövlətlərinin Avropanın problemlərini həll etmək üçün bir yerə yığdığı Avropa Parlamentinə göndərdiyi özlərini hamıya ağıl verməyi sənət eləmiş LQBT-çi, korrupsioner, solçu, sağçı, liberal, yaşılçı kəslər Avropanın problemlərini bir kənara atıb, qızıldan qiymətli vaxtlarını Azərbaycanın "problemlərini" həll etmək üçün sərf ediblər. Azərbaycan nümayəndələri AP-nin Strasburqdakı binasını bəyanat verərək tərk etməsindən sonra Avroparlament üzvlərinin Azərbaycanın parlamentdəki fəaliyyətinə son verməsi üçün qərar qəbul etməsi "arxadan atılan daş topuğa dəyər" xarakteri daşıdı. Azərbaycan zatən sözünü deyib, Strasburqu çoxdan tərk etmişdi və bu qərəzli, ikiüzlü parlamentdə iştirak etməkdən imtina etmişdi. Amma görünən odur ki, Avroparlament nümayəndələrini Azərbaycanın onlara qarşı bu tərzi yaman pis təsir edib. Son sözü Azərbaycan deyib deyə özlərinə saxta mövzularla söz haqqı tanıyıblar: “Azərbaycanda vəziyyət və insan hüquqlarından dəm vuran Avroparlament üzvləri bir kəlmə deməyi özlərinə rəva bilməyiblər ki, 30 il Azərbaycanın vətəndaşları öz torpaqlarından qovulanda, milyona yaxın insan qaçqın və məcburi köçkün düşəndə, ölkənin ərazisində demoqrafik vəziyyət məcburi şəkildə dəyişəndə, insanlarına bir tikə çörək tapmaq üçün Azərbaycan dövləti bütün imkanlarını onların gündəlik təlabatını ödəməyə, mənzil problemini həll etməyə, təhsil, səhiyyə məsələləri ilə məşğul olanda, onlara əllərindən alınan insan hüquqlarını qismən də olsa geri qaytarmaq üçün çalışanda, bunun üçün dövlətin əlində olan bütün resurslarını cəlb edəndə siz, yekə-yekə insan hüquqlarından danışan Avropalı çoxbilmişlər nə edirdiniz? Harda idiniz? Bu şəraitdə Azərbaycan yüz minlərlə soydaşının həyatda qalması üçün çalışırdı. Çünki kənardan heç kim bizə real olaraq maddi dəstək yox, heç yalandan da olsa, bunun sözünü belə vermirdi. İndi Azərbaycandakı vəziyyət bunların yadına düşüb. Azərbaycandakı insan haqları yadlarına düşüb. Sonra beynəlxalq hüququn pozulmasından danışırlar”.

A.Qasımov vurğulayıb ki, beynəlxalq hüquq Azərbaycan üçün çoxdan BMT-nin dörd qətnaməsini həyata keçirməyəndə, on illərlə Azərbaycanın milyondan çox qaçqın vətəndaşının hüququnun kimsənin yadına düşməyəndə, Azərbaycan ərazilərinin işğal edilərək dağıdılanda, milyonlarla minalar basdırılanda, ermənilərin özləri getdikləri halda etnik təmizləmə damğası vurulmaq istəniləndə ölüb. Azərbaycan dövləti və xalqı BMT-ni də, AP-ni bə digər beynəlxalq təşkilatları da utanmalı olduqları halda bu utancdan qurtarandır. Özü öz göbəyini kəsəndir. Dünyaya beynəlxalq hüquq dərsi verən və beynəlxalq hüquq necə bərpa olunur, qorunur misalını göstərəndir. Azərbaycan artıq başıuca gəzən dövlət və xalqdır. Başını aşağı əyməli olan Avropa və dünya təşkilatlarının Azərbaycana nəyisə öyrətmək şansları artıq yoxdur. Çünki artıq Azərbaycan özü onlara dərs verir, ağıl öyrədir. Onların şəxsi maraqlarından irəli gələn qərarlarını icra etmək Azərbaycanın gündəliyində dayanmır: “Məsələnin mahiyyəti aydındır. Avropalı parlamentarilər yaxşı başa düşürlər ki, Azərbaycan onların heç bir tələbini yerinə yetirməyəcək. Onlar görür ki, nə qədər Azərbaycanın üstünə gedirlərsə, Azərbaycan daha böyük qələbələrə imza atır. Onlar nə qədər Azərbaycanda beynəlxalq problemlərin olmasından danışırlarsa, beynəlxalq tədbirlərin səviyyəsi daha da artır. Bu, Avroviziya yarışması tədbirində də belə idi, Avropa olimpiadasında da, indi də Beynəlxalq COP29 tədbiri öncəsi də. Azərbaycan buna alışıb, hətta onlardan belə münasibət gözləməyi mütləq hesab edir ki, onların acığına uğurlarının sırasına daha böyük uğurlar əlavə etsin. Bu, təbii ki, Azərbaycanın haqlı işinə dəstək verən dünyanın konstruktiv, tərəqqipərvər və realist qüvvələrinin dəstəyi ilə baş tutur. Onlar haqqın, gerçəkliyin nə olduğunu yaxşı başa düşürlər. Yoxsa, belə olmasa idi Azərbaycanın bu uğurlarına şərait yaradan, dəstək verən qüvvələr bunda maraqlı olmazdılar”.

Politoloq onu da qeyd edib ki, məlum sənəddə Azərbaycanı Ermənistanla münasibətlər mövzusunda günahkar çıxarmaq cəhdləri edilir. Azərbaycan əgər adının Ermənistanla sülh danışıqları mövzusunda yanaşı çəkilməsinə şərait yaradırsa, bu, Ermənistan üçün artıq qazancıdır, dövlətçiliyinin

saxlanmasına ümid vardır deməkdir. Amma, sadəcə ümid. 30 ildən çox düşmənçilik mühitindən, xüsusən də, Ermənistan kimi alçaq və soyqırımçı düşmənçilikdən sonra, əgər Azərbaycan Ermənistana sülh bağlamaq üçün şans yaradırsa, bundan Ermənistan beş əllə yapışmalıdır. Hələ də özünü naza qoyan Ermənistan təbii ki, odla oynadığının fərqindədir. Amma kənardan Avropa Parlamenti kimi təşkilatların onlarda hansısa ümidlər oyatması səbəbindən Ermənistan öz ağlı ilə Azərbaycanla oyunlar oynamağa davam edir, sülh limitinə ayrılan vaxtı boşuna xərcləməklə məşğuldur: “Qarabağda məskunlaşmış separatçı, terrorçu xuntanın rəhbərlərinin Azərbaycan tərəfindən həbs edilməsini siyasi məhbus kimi qələmə verməyə çalışan parlamentarilər Azərbaycandan onların da azad olunmasını istəyirlər. 30 ildən çox Azərbaycan dövlətinə, xalqına qarşı terror əsdirən, soyqırım edən bu cəlladlara siyasi məhbus donu geyindilməsi aıçaqlığın son həddidir. Onların fəaliyyəti bu illər ərzində göz qabağında olub. Xocalıda, Malıbəylidə, Qarakənddə, Ağdabanda və s. törətdikləri insanlıq əleyhinə cinayətlər hamıya bəllidir. İzləri indi daha əyani açılır. Belə bir canilərə azadlıq tələb etmək onlarla eyni fikirdə olmaq deməkdir. Onların fəaliyyətinə haqq qazandırmaq deməkdir. Azərbaycan dövləti onları həbs etməklə öz gücünü göstərdi. Separatizmin ocağını mənbəyində məhv etdı. Öz dillərindən də bu separat mərkəzin ləğv olunduğunu elan etdirdi. Həbs edilmiş canilər isə uzun müddətə həbs cəzaları alacaqlar ki, həm onlara, həm də onlar kimi fikirləşsinlərə dərs olsun.

Gələk əsas məsələyə. Bu qətnamənin qəbul edilməsində əsas rol oynayan Fransaya. Deməli, məsələnin tragekomik tərəfi ondadır ki, Fransanın neokolonializm siyasətini ifşa edib, ona ciddi zərbə vuran, bütün dünyanın diqqətini bu neokolonializm siyasətinə yönəldən Azərbaycana qarşı Fransanın təkbaşına gücü çatmır. Avropa Parlamentini də arxasına alan kompleksləri ciddi şəkildə üzündə əks olunan balaca Makron böyük Fransanı kiçik işlərə alət etməklə məşğuldur. Başında yumurta sındırılan Makron bunun günahını Azərbaycandan çıxmaq istəyir. Hesab edir ki, Azərbaycana qarşı xoruzlanmaq onu və dövlətinin güclü olmasını göstərəcək. Sözün əsl mənasında xoruzları həmişə qoltuğunda olan fransızların qoltuğuna Azərbaycan bir xoruz da məcazi mənada verəcəyindən qorxan Makron özünü Avroparlamentin arxasında gizlənərək Azərbaycana qarşı qətnamə çıxarmaqla xoruzlanmağı seçirsə, özü bilər. Onların iddialarından bir şey çıxan deyil. Amma Azərbaycanın müasir dünyada koloniyalar saxlayan imperialist Fransanın bu siyasətinə son qoyacağı gün uzaqda deyil”.

Cavid