“Bu nüans hər şeyi açıq ifadə edir” Siyasət

“Bu nüans hər şeyi açıq ifadə edir”

Əli Zülfüqaroğlu: “Qərbin müxtəlif ölkələrdə formalaşdırdığı alətlər sadəcə əmrləri yerinə yetirirlər”

“Qərbin Gürcüstanda məğlubiyyətindən sonra etiraz aksiyalarının başlanılacağı ehtimal olunurdu. Müxtəlif Qərb dövlətlərinin seçkilərin nəticələrini tanımaması sadəcə anons idi”.

Bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Ekspert bildirib ki, etiraz aksiyalarına Gürcüstanın “fransız prezidenti” Salome Zurabişvilinin liderlik etməsi diqqətçəkən məqamdır: “Bu nüans hər şeyi açıq ifadə edir. Qərbin müxtəlif ölkələrdə formalaşdırdığı alətlər sadəcə əmrləri yerinə yetirirlər. Yəni o şəxslər üçün öz xalqının maraqları əhəmiyyət kəsb etmir. Bunun ən ibrətamiz nümunəsi Ukrayna Prezidenti Volodimir Zelenskidir. Nəinki o, ümumilikdə Ukrayna xalqı və dövləti alət kimi istifadə olundu.

Qərb mərkəzli transmilli soyğun şəbəkəsinin öz maraqlarının həyata keçirilməsi üçün bütöv bir xalqın yox edilməsi də sıradan bir hadisədir. Ona görə də, Gürcüstanda xaosun yaranması üçün maksimum çalışacaqlar”.

Ə.Zülfüqaroğlunun sözlərinə görə, müxtəlif Qərb ölkələrinin seçkinin nəticələrini tanımaması Gürcüstan xalqının iradəsinə təsir edə bilməz:

“Gürcüstan tarixi mərhələnin astanasındadır. Prosesə Tbilisinin daxili işi kimi, yaxud sadəcə Cənubi Qafqaz müstəvisində yanaşmaq olmaz. Bu, dünyanın bölünməsi, çoxqütblü nizamın formalaşması prosesinin bir hissəsidir. Yəni geosiyasi faktorlar əsas amildir.

Əlbəttə, Gürcüstanda baş verənlər bölgə üçün də olduqca əhəmiyyət daşıyır. Ermənistanı revanşizmə hazırlayan və sülhdan yayınması üçün hər cür dəstək verənlərin bölgə ilə bağlı ssenariləri sirr deyil. Ona görə də Gürcüstanda stabilliyin olması bölgə və Azərbaycan üçün vacibdir”.

Ekspert diqqətə çatdırıb ki, Qərbin təzyiqləri sadəcə aksiyalarla yekunlaşmayacaq: “Bundan sonrakı dalğa sanksiyaların tətbiqidir. Paralel olaraq, Gürcüstanın daxilində müxtəlif xarakterli təxribat cəhdləri, hətta silahlı qarşıdurma, terror aktları və s. hadisələrin baş verməsi də mümkündür.

Amma aksiyalar və təzyiq xarakterli addımlar heç bir nəticə verməyəcək. Bu mərhələ Gürcüstanın gələcək perspektivini, dövlətçiliyinin mövcudluğunu şərtləndirir. Ona görə Tbilisi hökuməti prinsipiallığını qoruyacaq və Qərb qarşısında heç bir halda geri çəkilməyəcək”.