“Moskva əlindən gələni edəcək” Siyasət

“Moskva əlindən gələni edəcək”

“Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin müxalifət tərəfindən qəbul edilməyəcəyi və aksiyaların olacağı gözlənilirdi”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
Siyasi şərhçi əlavə edib ki, burada təəccüblü nə isə yoxdur: “Yenə təbii olaraq müxalifət seçki nəticələrini qəbul etmir, bildirir ki, seçki saxtalaşdırılıb. Artıq bir neçə gündür ki, Tbilisinin mərkəzində parlament binasının qarşısına toplanan aksiya iştirakçıları tələblər irəli sürür. Gürcüstan Prezidenti seçkilərin saxtalaşdırıldığını iddia edib və nəticələri tanımayıb. Aksiyalar da məhz bundan sonra başlayıb. Bilinənin əksinə hakim partiyanın qələbə qazanacağı bəlli idi. Gürcüstanda hakim partiyanın kifayət qədər çox dəstəkçisi var. Gürcü Arzusu 53,93 faiz səslə qalib gəlib”.
T.Rzayev bildirib ki, hazırkı proseslər göstərir ki, Qərb Gürcüstana təzyiq yolunu seçib: “Lakin bunun nəsə dəyişiklik yaratması real deyil. Belə olarsa, Qərb Tbilisi ilə uzlaşma yoluna gedə bilər. Mövcud vəziyyət Rusiyanı məmnun etsə də, Gürcü Arzusu Kreml ilə buzları tez bir zamanda əritməyəcək. Moskva Tbilisini yenidən qazanmaq, həmçinin prosesləri əvvəlki məcrasına salmaq üçün əlindən gələni edəcək. Gürcü Arzusu isə Azərbaycanın illərdir tətbiq etdiyi balans siyasətinin bənzəri bir kurs izləyə bilər”.

Röya İsrafilova