Tokayevin Parisdə Makrona mühüm Bakı mesajı
6 Noyabr 21:50
Bişkekdə TDT dövlət başçılarının XI zirvə toplantısı keçirilib
Noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının XI zirvə toplantısı keçirilib. Türk dünyası ilə əlaqələri dərinləşdirmək, türkdilli dövlətlərin maraqlarına və dəyərlərinin təbliğinə töhfə vermək məqsədi daşıyan sammit mühüm tarixi əhəmiyyətə malikdir.
Qeyd edək ki, bu il TDT-nin fəaliyyətinin 15-ci ili tamam olur. Ortaq dil, tarix və ənənələrə dayanan, ildən-ilə daha da güclənən təşkilat ötən dövr ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formalarda inkişafına mühüm töhfə verib, bütövlükdə türk dünyası dövlətləri arasında inteqrasiyanı sürətləndirib, nüfuzlu bir təşkilat kimi beynəlxalq təşkilatlar sırasına öz adını daxil etməyə müvəffəq olub.
Azərbaycan Prezidenti İlham Əliyev də adıçəkilən sammitdə çıxış edib.
Qeyd edək ki, TDT türkdilli ölkələrin Dövlət Başçılarının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilmiş Zirvə Görüşündə imzaladıqları “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında Naxçıvan Sazişi”nə əsasən təsis edilib.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. 2019-cu ildə Özbəkistan da TDT-yə üzv olub. Müşahidəçi üzvlər: Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası).
12 noyabr 2021-ci il tarixində TDT-nin 8-ci Zirvə Görüşü çərçivəsində təşkilatının adı TDƏŞ-dən TDT-yə dəyişdirilib.
TDT-nin nəqsədi eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi, ticarət və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk birliyinin yaradılmasıdır.
Türk dövlətlərinin institusional strukturunun formalaşmasının əsasını qoyan, onları daha güclü inteqrasiya üçün bir araya gətirən Naxçıvan sazişinin imzalanması mühüm tarixi-siyasi əhəmiyyət kəsb edir. Bu saziş ilə qardaş türk dövlətləri arasında əlaqələrin müxtəlif sahələr üzrə daha da inkişaf etdirilməsi və vahid əməkdaşlıq platformasının yaradılması istiqamətində uğurlu fəaliyyətə start verilib.
Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə yanaşı, bu qurumun əlaqəli orqan və qurumları olan TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası ilə də sıx əməkdaşlıq edir və üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi sahəsində aktiv rol oynayır. Təsadüfi deyildir ki, təşkilatın 2012-ci ildə Bişkekdə keçirilən İkinci Zirvə görüşündə Azərbaycanın təşəbbüsü ilə yaradılan Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci il tarixindən etibarən qərargahı Bakı şəhərində yerləşməklə beynəlxalq təşkilat kimi fəaliyyətə başlayıb.
“Təşkilat” statusu türk dövlətlərinə imkan verir ki, bütün sahələrdə əlaqələri daha yüksək səviyyəyə qaldırsınlar. Tarixi İstanbul Zirvə görüşündə olduqca mühüm olan “Türk dünyasına baxış — 2040” konsepsiyası qəbul edildi və liderlər arasında Bəyannamə imzalandı. Türk dünyası dövlətlərinin gələcək hədəflərini müəyyənləşdirən bəyannamədə əhəmiyyətli məqamlar yer alıb.
Zirvə görüşündə mühüm qərarlardan biri təşkilatın müşahidəçiləri və tərəfdaşları ilə bağlı müddəaların qəbul edilməsi olub. Daha bir mühüm qərar, türk dünyasının ilk maliyyə qurumu olan Türk İnvestisiya Fondunun yaradılması olub. Fondun yaradılması təşkilata üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsində, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcminin artırılmasında böyük rol oynayacaq. VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib.
Politoloq Zeynal Əmrəliyev "Xalq Cəbhəsi"nə deyib ki, Türk Dövlətlər Təşkilatının dövlət başçılarının Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 11-ci zirvə toplantısı türk dövlətlərinin ümumi yaxınlaşma işinə tövfə verəcəkdir. Bundan öncəki zirvə görüşlərində də mühüm qərarlar qəbul edilib. Türk dövlətlərinin ittifaqı üçün çox mühüm zəmin var. Təşkilat öz nüfuzunu son illər əsaslı şəkildə artırıb: "Müxtəlif məsələlərlə bağlı TDT vahid mövqedən çıxış edərək həmrəylik nümayiş etdirir. Məsələn, 44 günlük müharibə dövründə Türk Dövlətləri Təşkilatı Azərbaycanın haqq işini müdafiə edib. Bundan sonrakı dövrdə əməkdaşlıq sürətli şəkildə inkişaf edib. Təşkilata üzv ölkələr arasında iqtisadi əlaqələr yüksək sürətlə inkişaf edir və əlaqələrin daha da genişlənməsi üçün zəmin vardır. Zəngəzur dəhlizi türk dövlətlərinin inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Dəhlizin açılması həm də Mərkəzi Asiya ölkələrinin inkişafına səbəb olacaqdır. Azərbaycan hazırda təşkilat daxilində önəmli rol oynayır. 44 günlük müharibədən sonra ölkəmizin artan nüfuzu, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün siyasət, türk dövlətlərinə inteqrasiya siyasəti Azərbaycanın təşkilat daxilində rolunun artmasına səbəb olub. Bu gün Azərbaycan təşkilatın açar dövlətidir. Keçən toplantda ortaq türk əlifbası barədə qərar qəbul edib. Bu mədəni və ideoloji əlaqələrin inkişafı baxımından önəmlidir. Yaxın günlərdə Azərbaycanda COP29 tədbiri başlayacaq. Türk dövlətləri bu tədbirdə fəal iştirak edəcəklər. Dövlətlərarası münasibətlərin yüksək inkişafı təşkilatı gələndə dünyanın əsas güc mərkəzlərindən birinə çevirə bilər. Türk dövlətləri təşkilatı gələcəyi olan, inkişafda olan təşkilatdır".
Siyasi şərhçi Fuad Əliyevin fikrincə, Azərbaycan TDT-də aparıcı rola malikdir. Rəsmi Bakı təşkilatın gələcəyinin formalaşmasında mərkəzi fiqur kimi çıxış edərək, onun beynəlxalq arenada nüfuz, söz sahibinə şevrilməsində əməli iş aparır. Azərbaycanın TDT-də fəal iştirakı onun digər türk dövlətləri və xalqları ilə tarixi və mədəni əlaqələrindən, eləcə də regional məsələlərdə aktiv iştirak etmək istəklərindən irəli gəlir: “Türk ölkələr arasında həmrəylik hissini gücləndirməklə Azərbaycan xarici təzyiqləri effektiv şəkildə həll edə bilən sabit və firavan region yaratmağı hədəfləyir. Azərbaycan Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması Türk dövlətlərinin bir təşkilat altında birləşməsinə çalışır və bu istiqamətdə fəal iş görməkdədir. Azərbaycan Türk dünyasının birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Məsələn, Prezident İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü buna misaldır. Bir sözlə, Azərbaycanın, xüsusilə Prezident İlham Əliyevin TDT-nin Türk dövlətlərinin inteqrasiyasında və inkişafında oynadığı rola verdiyi qiymət hər kəsə məlum və göz qabağındadır. Enerji və nəqliyyat sahələrində də Azərbaycanın türk ölkələrlə münasibətləri yüksələn xətt üzrə inkişaf edir. “Orta dəhliz”, “Bir Kəmər Bir Yol”, “Tarixi “İpək yolu”nun bərpası” kimi layihələr heç də təsadüfi olmayaraq ABŞ-ın nüfuzlu informasiya agentliyi olan CNN tərəfindən “geosiyasi fürsət” kimi qiymətləndirilib ki, mövcud fürsətlərin fonunda Azərbaycan və TDT ölkələri bəzi yeniliklərə imza atır, gələcək üçün planlar qurur və hərdaim dəyişən beynəlxalq şərtləri dərindən izləyir”.
Cavid