“Revanşist addımlar da boğulacaq”-deputat Siyasət

“Revanşist addımlar da boğulacaq”-deputat

“Bu gün Ermənistanın Qərb ölkələri, Hindistan tərəfindən silahlandırılması, əlbəttə, Ermənistanda revanşizmi alovlandırır. Yeni müharibəyə hazırlıq planları həyata keçirilir. Amma düşünürük ki, dünya elə bir düzəninə gəlib çatıb ki, həqiqətən də müharibələrin nə qədər acınacaqlı, dəhşətli olduğunu artıq bütün dünya anlayır və bu müharibələrə yox deyir”. Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva söyləyib.

J.Əliyev vurğulayıb ki, Fransanın sadəcə öz maraqlarını güdən, eyni zamanda, ABŞ-nin özünün də Şərqə birbaşa müdaxiləsi ilə baş verən müharibələrə artıq dur deməyin vaxtı gəlib çatıb: “Düşünürük ki, Azərbaycana qarşı bu kimi hallar, cəhdlər bütün vəchlə Azərbaycan dövləti tərəfindən əngəllənəcək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə söylədiyi kimi Azərbaycan haqq yolundadır, tarazlı bir siyasət həyata keçirir, öz siyasətini özü qurur. Bu gün Azərbaycan bölgənin söz sahibi ölkəsidir, Azərbaycanla hədə-qorxu dili ilə heç kim danışa bilməz”.

O həmçinin qeyd edib ki, haqqımızı qoyub, nahaq danışanlar, xeyrə yox, şərə qulluq edənlər, öz gözündə tiri görməyib bizim gözümüzdə çöp axtaranlar, Azərbaycanın irəlilədiyi doğru olan yolda min bir əngəllər çıxarmağa çalışanlar birdəfəlik bilsinlər ki, cəhdləri əbəsdir, boşdur, nəticəsidir: “Onların revanşist addımları beşiyində də Azərbaycan dövlətinin qətiyyəti, Dəmir Yumruq, Dəmir Bilək sayəsində boğulacaq. Mən bütün xalqımızı Zəfər Günü, eləcə də Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm. Müqəddəs şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Ordumuzun şücaətləri ilə fəxr edirik! Bütün Zəfərlərin daim sizinlə olmasını diləyirik, əziz Prezidentimiz! Tanrı Prezidentimizi, Ordumuzu, Xalqımızı qorusun!”.

Röya İsrafilova