“Bu kimi iddialar sabun köpüyüdür” Siyasət

“Bu kimi iddialar sabun köpüyüdür”

“Azərbaycan Böyük qələbəsinin 4-cü ildönümü qeyd edir. Həmçinin bu gün ölkəmizdə Dövlət Bayrağı günüdür. Noyabrın 10-u Ermənistanın öz məğlubiyyətinə, kapitulyasiya aktına imza atdığı və Azərbaycanın zəfərinin təsdiqləndiyi gündür. Noyabrın 12-si Konstitusiya günüdür. Yəni bu günlərin hər biri bir ölkənin suverenliyinin, müstəqilliyinin əbədiyaşarlığıdır. Biz bu günlərə böyük çətinliklərlə, mübarizələrlə, 30 ildən bəri torpaqlarımızda işğalçı müharibə aparan bir rejimlə mübarizə apararaq gəldik”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva söyləyib.

Deputat əlavə edib ki, müharibədən sonra sülhyaratma prosesinə böyük inamla getdiyimiz, Azərbaycanın bölgədə sülhə, əmin-amanlığa, stabilliyə hesablanmış addımları genişləndikcə, özünə daha çox tərəfdaş qazandığı bir məqamda bu həm Azərbaycanda, həm də bölgədə bir çox qüvvələri, stabilliyin tərəfdarı olmayanları narahat edir: “Bölgəni nüfuzu altında saxlayıb öz siyasi, iqtisadi maraqlarını təmin etmək arzusunda olan Qərb, xüsusən Fransa illərdən bəri Ermənistanın dəyirmanına su töküb, onlara havadarlıq edib, Ermənistandan özlərinə bir alət olaraq istifadə edərək öz planlarını həyata keçirməyə çalışıblar. Bu gün bu niyyət davam edir. Xüsusilə də Azərbaycanın əhəmiyyətli günləri ərəfəsində biz ölkəmizə qarşı bu hədyanların, böhtanların, təhdidlərin şahidi oluruq və artıq buna alışmışıq. Bunu həm xalqımız, həm də ağı qaradan seçməyi bacaran dünya ictimaiyyəti anlayır ki, bu kimi iddialar sabun köpüyüdür, heç bir əsası yoxdur və irəli sürüldüyü kimi də gündəlikdən, eləcə də tarix səhifəsindən yox olur, silinir”.

Röya İsrafilova