"COP29 bütün insanlığın xilası üçün bir fürsətdir" Siyasət

"COP29 bütün insanlığın xilası üçün bir fürsətdir"

Bu gün paytaxt Bakıda dünyanın ən mötəbər tədbirlərindən birinə start verildi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası öz işinə başladı. Dünyanın gözü Bakıda - Azərbaycanın ev sahibliyi etdiyi COP29-dadır. 11 gün davam edəcək beynəlxalq səviyyəli tədbirdə iştirak etmək üçün 100-dən çox ölkənin nümayəndələri Azərbaycana gəlib.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Xalq Cəbhəsi"nə
deyib ki, belə nüfuzlu qlobal tədbirə ev sahibliyi etməyimiz bütün müstəvilərdə bizim böyük uğurumuzdur.

Bəşəriyyətin bu günü və gələcək taleyi ilə bağlı həlledici qərarların verilməsi üçün dünyanın siyasi elitası, elmi camiəsi, iqlim diplomatiyasının aparıcı qüvvələri Bakıda bir araya gəlir. COP29-da iştirak etmək üçün ölkəmizə səfərə gələn çoxsaylı dövlət və hökumət başçıları, nazirlər, ictimai-siyasi xadimlər, elm adamları, QHT nümayəndələri, media təmsilçiləri Azərbaycanın bu tədbirin təşkilatçılığına necə yüksək məsuliyyətlə yanaşdığının şahidi olurlar. Azərbaycanın ev sahibliyi etdiyi COP29 – BMT İqlim Dəyişiklikləri üzrə Konfransında dünyanın hər yerindən 60-80 min civarında nümayəndələrin, qonaqların toplaşması olduqca aktual bir mərama xidmət edir. Söhbət qlobal iqlim dəyişikliyi ilə qlobal müstəvidə mübarizənin təşkil olunmasından gedir:

"Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. İqlim dəyişmələri və bu dəyişmələrin doğurduğu qlobal fəsadlar həm ayrı-ayrı ölkələr üçün, həm də bütün bəşəriyyət üçün real təhlükəyə çevrilir. Başqa sözlə desək, iqlim dəyişmələri gələcəyin ekzistensial problemi deyil, bu problem, bu təhlükə bu gün artıq mövcuddur və hamımızı təhdid edir. Ona görə də COP29 bütün insanlığın xilası üçün bir fürsətdir. Bakı COP-u da məhz iqlim dəyişikliklərinə qarşı səmərəli mübarizənin təşkili üçün qlobal həmrəyliyi, beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədini güdür. Bu gün Azərbaycan paytaxtı qlobal həmrəyliyin mərkəzinə çevrilib".

O, qeyd edib ki, COP29-un Bakıda keçirilməsi ölkəmizin qlobal səviyyədə iqlim problemlərinin həllində aparıcı rol oynamağa hazır olduğunu göstərir. Prezident İlham Əliyevin uğurlu siyasi xətti və diplomatiyası ölkəmizi BMT səviyyəsində tədbirlərə ev sahibliyi edə biləcək mərhələyə yüksəldib. COP29-un Azərbaycanda keçirilməsi qərarı dünya birliyinin ölkəmizə qarşı yüksək etimadının göstəricisidir. Azərbaycan bu tədbir çərçivəsində beynəlxalq iqlim maliyyəsinin daha geniş əsaslara keçməsi üçün maliyyə dəstəyinin daha da artırılmasını və iqlim layihələrinə yeni sərmayə mənbələrinin cəlb olunmasını təşviq edəcək. Bu kontekstdə COP29-un əsas maliyyə hədəfləri, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlıq qabiliyyətlərini artırmaq üçün yeni maliyyə mexanizmləri yaratmaq və mövcud maliyyə dəstəyini genişləndirməkdir. Bakıda atılacaq addımlar iqlim dəyişikliyi ilə bağlı mübarizənin genişlənməsi üçün çox vacibdir. Bu konfransda qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizə məqsədilə qəbul ediləcək qərarlar və Bakı Bəyannaməsi qarşıdakı illərdə bütün dünya üçün “yol xəritəsi” rolunu oynayacaq. Bakı COP-u qonaqların yaddaşında yüksək təəssüratlar, xoş izlər buraxmaqla yanaşı, bəşəriyyətin təhlükəsiz gələcəyi üçün ümidləri imkanlara çevirəcək:

"Anti-Azərbaycan qüvvələrin və onların ölkəmizdəki “lakey”lərinin COP29 ərəfəsində ölkəmizə qarşı apardığı çirkin kampaniyalar da iflasa uğrayacaq. Tədbirdə iştirak edən çoxsaylı xarici qonaqlar qarşıdakı 10-12 gün ərzində ölkəmizin reallıqları və uğurları ilə yaxından tanış olmaqla, anti-Azərbaycan qüvvələrin apardığı təbliğatın qərəzli və yanlış olduğunu öz gözləri ilə əyani surətdə görəcəklər. COP29-un yaratdığı imkanlar sayəsində dünya birliyi Azərbaycanı yaxından tanıyacaq. BMT-nin himayəçilik etdiyi COP29-un Bakıda keçirilməsi gerçəkdən də tarixi hadisədir. Biz COP29-a ev sahibliyi edən ölkəmizə uğurlar diləyirik. Xeyirli-uğurlu olsun!".

Cavid