COP for Hope: COP29 iştirakçıları üçün Qarabağa turlar təşkil olunacaq Siyasət

COP for Hope: COP29 iştirakçıları üçün Qarabağa turlar təşkil olunacaq

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramovdur.

O, Trend-ə açıqlamasında bildirib ki, COP29 üçün xüsusi turlar təşkil edilib.

O qeyd edib ki, bunun üçün xüsusi rəqəmsal xəritə yaradılıb.

“Tövsiyə olunan turlar kateqoriyalara bölünüb. Burada regionlara olan turlar da mövcuddur.

Azad edilmiş ərazilərimizə də turumuz mövcuddur. Bunlardan Şuşa turunu qeyd etmək istərdim. Turlar birgünlük nəzərdə tutulub. Bu gündən artıq saytda da turlar haqqında məlumat olacaq. Biz düşünürük ki, hazırda sessiyaların aktiv fazasıdır. Bu turlara maraq həftəsonu daha da artacaq.

COP29 tədbirində ən əsas mesajlarımızdan biri də işğaldan azad edilmiş ərazilərimizin turizm potensialını iştirakçılara çatdırmaqdır.

Qarabağda görülən və görülməkdə olan infrastruktur işləri qonaqlara çatdırmaq və onlarda maraq oyatmaq əsas məqsədimizdir. Ola bilsin ki, ölkəmizə gələn qonaqlar gəldikləri səfər çərçivəsində və ya səfərlərini daha da uzadaraq, gedib işğaldan azad edilən torpaqlarımıza səfər eləsinlər. Gələcəkdə də gələ bilərlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.