“Fransa prezidentinin COP29-da iştirak etməməsi məqbul hadisədir” Siyasət

“Fransa prezidentinin COP29-da iştirak etməməsi məqbul hadisədir”

“COP29 tədbirinə dünyanın ən önəmli liderləri qatılıblar. Hazırda COP29 ərazisində dünyanın tanınmış siyasi liderlərini görürük”. Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq, “Bu tədbirə gəlməyən Fransa prezidenti Emmanuel Makrondur. O, hansı üzlə bura gələ bilərdi ki? Fransa bu gün ətraf mühitə ən çox zərbə vuran ölkələrdən biridir. Ona görə Fransa prezidentinin COP29-da iştirak etməməsi məqbul hadisədir. Tədbirdə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta, Britaniyanın baş naziri Keir Starmer, Türk Dövlətləri rəhbərləri, Avropa ölkələrinin rəhbərləri iştirak edirlər” deyə əlavə edib.

O, Azərbaycanın COP29 tədbirini peşəkar səviyyədə təşkil etməsi haqqında da danışıb: “COP29-da apardığımız müşahidələr onu göstərir ki, bu tədbirə ev sahibliyi, təşkilatçılıq, Azərbaycanın tədbiri peşəkar və üst səviyyədə təşkil etməsi hamı tərəfindən çox təqdir olunan bir hadisə kimi dəyərləndirilir. Tədbir iştirakçıları da Azərbaycana belə gözəl və mükəmməl ev sahibliyi üçün xüsusi təşəkkür edirlər. Digər bir tərəfdən bu tədbirə gəlməyənlər mən hesab edirəm ki, beynəlxalq iqlim məsələləri və qlobal ekoloji təhlükəsizlik məsələsində nə qədər biryanlı və mənasız olduqlarını növbəti dəfə nümayiş etdirmiş oldular. Onlar bununla bir daha sübut etmiş oldular ki, qlobal iqlim, ekologiya, yaşıl ətraf mühit və s. kimi həssas məsələlərdə nəinki ətraf mühiti çirkləndirməkdən əl çəkmirlər, həm də ətraf mühit təhlükəsizliyi ilə bağlı mövzulardan yayınmağa çalışırlar”.

Röya İsrafilova