“Türk Dövlətləri Təşkilatı və Cənubi Qafqaz regionunu əhatə edən bir hərəkat yaransın” Siyasət
“Zaman-zaman müxtəlif nüfuzlu beynəlxalq tədbirlərə, idman və mədəniyyət yarışlarına uğurla ev sahibliyi edən Azərbaycan bu günlər yenidən diqqət mərkəzindədir. Çünki ölkəmiz bu dəfə də olduqca mühüm və dünya üçün xüsusi əhəmiyyət kəsb edən beynəlxalq tədbirə ev sahibliyi edir. Məlum olduğu kimi 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Mən bu tədbirin qlobal aləmdə hansı önəm kəsb etməsi barədə təkrar fikirlər söyləmək istəmirəm. Lakin onu qeyd etmək istəyirəm ki, bu tədbir çərçivəsində bu günlər Bakıda keçirilən dəyirmi masa və toplantılar bəşəriyyətin diqqətini bir daha ekologiya, ətraf mühitlə bağlı problemlərə yönəldir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.
N.Azəri qeyd edib ki, belə tədbirlərdən biri də noyabrın 11-də reallaşıb: “Noyabrın 11-də Türkiyə Cumhurbaşqanlığı İletişim Başqanlığının təşkilatçılığı ilə Bakıda “Qlobal iqlim böhranında strateji kommunikasiya” mövzusunda dəyirmi masa keçirildi. Beynəlxalq Strateji Kommunikasiya Sammiti (Stratcom Summit) çərçivəsində reallaşan dəyirmi masada öncə BMT-nin Sıfır Tullantı Məsləhət Şurasının sədri Emine xanım Erdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı" layihəsi barədə video təqdim oldu. Sonra isə Türkiyə Cumhurbaşqanlığı İletişim Başqanı Fahrettin Altunun dəyirmi masa iştirakçılarına videomüraciəti təqdim edildi. Tədbir çıxış və müraciətlərlə davam etdirildi. Yeri gəlmişkən, dəyərli Fahrettin Altunun videomüraciətdə də qeyd etdiyi kimi, iqlim böhranı dünyanın bu günü və gələcəyi ilə birbaşa əlaqəli olan ən mühüm problemlərdən biridir”.
O əlavə edib ki, sıfır tullantı mövzusunun əsas prioritet kimi müəyyən edildiyi, həmçinin, Siyasət, İqtisadiyyat və Sosial Araşdırmalar Vəqfi (SETA) Vaşinqton Araşdırma Direktoru Dos. Dr. Kılıç Buğra Kanatın moderatorluğu ilə keçirilən dəyirmi masada Türkiyə Cumhurbaşqanlığı İletişim Başqanının müavini Dos.Dr. Çağatay Özdemir, Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir, dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, həmçinin akademiklər və media təmsilçiləri iştirak edirdi: “Dəyirmi masada müzakirələr də maraqla qarşılandı. “Sıfır tullantı” layihəsi çərçivəsində iqlim böhranı ilə mübarizədə xüsusi və ictimai əməkdaşlıq; dayanıqlı enerji və inkişaf; iqlim böhranının beynəlxalq münasibətlərdə yaratdığı yeni çağırışlar; Türkiyənin yaşıl inkişaf sahəsindəki irəliləyişləri; təhsil və maarifləndirmə yolu ilə “Sıfır tullantı” mədəniyyətinin yayılması; iqlim dezinformasiyası ilə mübarizə və iqlim böhranında strateji kommunikasiyanın əhəmiyyəti mövzuları ətrafında oldu. Çıxışlarda o da qeyd edildi ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı, Türk dünyasının qlobal aləmdə rolunu gücləndirməklə yanaşı, “Sıfır tullantı” mövzusunu əsas prioritet olaraq dəyərləndirmək üçün əhəmiyyətli bir fürsət təqdim edir. Həmçinin, o da bəyan edildi ki, mövzuların müzakirəsi, iqlim dəyişikliyi ilə mübarizədə səmərəli strategiyaların formalaşmasına töhfə verəcək”.
N.Azəri tədbirdə təklif irəli sürdüyünü də deyib: “Təbii ki, CASCFEN sədri olaraq mən də çıxış edərək öz təklifimi səsləndirdim. Təklif etdim ki, Türkiyə Cumhurbaşqanlığı İletişim Başqanlığının təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatı və Cənubi Qafqaz regionunu əhatə edən bir hərəkat yaransın. O hərəkata ekologiya ilə məşğul olub-olmamasından aslı olmayaraq gələcəyimizi düşünən bütün QHT-lər, elm adamları, ictimai xadimlər daxil olsun. Eyni zamanda, təklif etdim ki, bəzi beynəlxalq donor təşkilatları hansısa ölkələrdə “sözəbaxan siyasətçilər” yetişdirmək üçün deyil, ekoloji problemlərin həlli üçün daha çox maliyyə ayırsınlar”.
Röya İsrafilova