“Bakı böyük bir tədbirə ev sahibliyi etməklə adını tarixə yazdı” Siyasət
“COP29 tədbiri çox böyük uğurla ölkəmizdə keçirilir. Tədbirdə həm müzakirələrin həyata keçirilməsi, həm də imzalanan sənədlər, bəyanatlar mühüm əhəmiyyət kəsb edir. Çünki iqlim dəyişikliyi, qlobal istiləşmə, su çatışmazlığı, ekologiyada olan müəyyən ümumi böhran və temperaturun qalxması bəşəriyyətin problemidir”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
Politoloq həmçinin əlavə edib ki, Azərbaycanda bəşəriyyəti maraqlandıran məsələlərin müzakirə olunması əlamətdar hadisədir: “Bu tədbirə qarşı skeptiklər həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda olsa da, mən bu tədbirin iştirakçısı kimi deyə bilərəm ki, tədbir müstəsna əhəmiyyətə malikdir. Biz bu gün qlobal istiləşmədən danışmasaq, bu məsələlər müzakirə olunmasa, qarşıda bizi böyük fəlakətlər gözləyə bilər”.
İ.Hüseynov qeyd edib ki, Azərbaycanın COP29 tədbirini keçirməklə bağlı beynəlxalq miqyasda mühüm çağırışları olub: “Bunlardan biri dünyada müharibələrin dayandırılması ilə bağlı çağırışdır. Təəssüflər olsun ki, qlobal güc mərkəzləri Azərbaycanın sülh və təhlükəsizlik, eləcə də sabitlik yönündə bu çağırışına adekvat cavab vermədilər. Hələ də müharibələr davam etməkdədir. Dünyada bu gün 50 aktiv münaqişə ocağı var və bu da dağıntılara, fəlakətlərə, miqrasiya, köçkün probleminə gətirib çıxarır. Bununla həm ekologiyaya ziyan dəyir, həm də bunun yan fəsadları meydana gəlir”.
O, Azərbaycanın iqlim maliyyələşməsi ilə bağlı çağırışının da çox mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “BMT-nin baş katibi Antoniu Quterreş də açılış mərasimində bu məsələyə xüsusi vurğu etdi. Cənab Prezidentin çıxışı da çox mühüm tezisləri özündə ehtiva edirdi. Çünki ölkəmiz əleyhinə baykot kampaniyası da vardı. Lakin gördüyünüz kimi çoxsaylı dövlət və hökumət başçıları, dünyanın tanınmış ekologiya sahəsində mütəxəssisləri burada iştirak edir. Mən də müxtəlif tədbirlərdə dinləyici, müşahidəçi, siyasi tədqiqatçı kimi iştirak edirəm və təəssüratlarım çox böyükdür. Hətta birbaşa olaraq mənim tədqiqat sahəmə daxil olmasa da, mən də yaşıl iqtisadiyyat, yaşıl enerjiyə keçid, alternativ və bərpa olunan enerji sahəsində çoxlu məlumatlar topladım, çox ədəbiyyatlar əldə etmişəm. Əlbəttə ki, bu sahədə olan güclü beyin, tədqiqat mərkəzlərinin, QHT nümayəndələri ilə keçirdiyimiz müzakirələr bizim bu sahədə daha geniş məlumat əldə etməyimizə yardımçı olur. Mən bu böyük tədbirin keçirilməsi ilə bağlı təşkilat komitəsinə, həmçinin tədbirin icrasında zəhməti keçən hər kəsə təşəkkür edirəm. Həqiqətən də qlobal bir tədbirdir”.
Politoloq növbəti tədbirin, yəni COP30-un Braziliyada keçiriləcəyi haqqında da danışıb: “Bu barədə də müzakirələr indidən hiss olunmaqdadır. Şübhəsiz ki, bu tədbirlərin əhəmiyyəti olacaq. Hər ölkə bu sahədə görülmüş işlər haqqında məruzə edir. Eyni zamanda, perspektivlər müəyyənləşir. Eyni anda çoxsaylı müzakirə məkanlarında önəmli fikirlər səslənməkdədir. Bakı böyük bir tədbirin keçirilməsinə ev sahibliyi etməklə artıq adını tarixə yazdı deyə bilərik”.
Röya İsrafilova