“Ermənistan bu fürsəti qaçırır” Siyasət

“Ermənistan bu fürsəti qaçırır”

“Məlum məsələdir ki, COP29-un baş tutan tədbirlərində bu günədək Ermənistan nümayəndə heyəti iştirak etməyib. Bununla bağlı ölkə başçısının da, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də bəyanatları səsləndirildi ki, Ermənistan tərəfinə dəvət göndərilib, lakin Ermənistan hələki COP29-a nümayəndə heyəti göndərməyib”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Sultan Zahidov söyləyib.

Politoloq bunun Ermənistan üçün itirilmiş bir imkan olduğunu deyib: “Çünki COP29 dünyanın ən mötəbər tədbirlərindən biridir. Qlobal təhlükəsizliyi təhdid edən ən ümdə məsələlər, o cümlədən iqlim dəyişikliyi məsələləri bu tədbirdə müzakirə olunur. Ermənistanın bu tədbirdə iştirak etməməsi bir daha bu ölkənin regional və qlobal problemlərin həllində maraqlı olmadığının göstəricisidir. Bu platforma, eyni zamanda, Azərbaycan və Ermənistan tərəfləri üçün sülh danışıqlarını irəlilətmək üçün bir imkan ola bilərdi. Ermənistan bu imkanı, fürsəti də qaçırır. Bu da həmçinin Ermənistanın sülh prosesini sürətləndirmək marağında olmamasına dəlalət edir”.

S.Zahidov vurğulayıb ki, artıq Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bəyanat verdi ki, Ermənistan tərəfindən heç bir rəsmi nümayəndə Azərbaycandakı COP29 tədbirinə iştirak üçün müraciət etməyib: “Yəni həmin bəyanatdan bu qənaətə gəlmək olar ki, Ermənistan COP29-a nümayəndə heyəti göndərməyəcək. Bir daha qeyd etmək istəyirəm ki, bu, ilk növbədə Ermənistan üçün bir itkidir, fürsətdən yararlanmamaqdır. Çünki onlar həm sülh danışıqlarını irəlilətmək baxımından, həm də regional qlobal təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əldə olunmuş bu fürsətdən yararlanmırlar. Bundan da itirən tərəf Ermənistan olacaq”.

Röya İsrafilova