“Azərbaycan bütün hədəflərinə çatıb”-deputat Siyasət

“Azərbaycan bütün hədəflərinə çatıb”-deputat

“COP29 çərçivəsində Birləşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcək”.
Bunu xalqcəbhəsi.az-a Prezident İlham Əliyevin COP29 tədbirinin açılış mərasimindəki çıxışı haqqında danışarkən Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkə başçısı çıxışında həmçinin yaşıl enerjinin ixrac bazarlarına da diqqət yetirildiyini vurğulayıb: “Bu məqsədlə Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün ölkəmizin tərəfdaşları ilə fəal iş aparılır. Beləliklə, Azərbaycan Avropaya yaşıl enerjini ixrac etmək imkanı əldə edəcək. Bununla bağlı Azərbaycanın hədəfləri böyükdür. Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib”.
M.İbrahimqızı diqqətə çatdırıb ki, Prezident İlham Əliyev çıxışında son zamanlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən həmin şər-böhtan yuvalarının bütün əsassız arqumentlərini alt-üst edib: “Ölkəmizin başçısı Azərbaycanın neft və qazla bağlı siyasətini fonunda onun ekoloji siyasətinə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir. Bütün bu təhdidlərə baxmayaraq Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün bütün hədəflərinə çatıb. Bundan sonra da Azərbaycan beynəlxalq miqyasda aparıcı ölkə və söz sahibi kimi ona qarşı çıxanların yuxusuna haram qatmaqda davam edəcək”.

Röya İsrafilova