“Azərbaycan Mərkəzi Asiyanın lideri kimi görünməkdədir” Siyasət

“Azərbaycan Mərkəzi Asiyanın lideri kimi görünməkdədir”

“COP29 Azərbaycanın bu günədək keçirdiyi ən mötəbər beynəlxalq tədbirdir. Azərbaycan Cənubi Qafqazın lideri kimi artıq Mərkəzi Asiyanın da lideri kimi görünməkdədir. Çünki COP Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfədir ki, Azərbaycanda keçirilir".

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib.

Siyasi şərhçi Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) bu əhəmiyyətli tədbirini çox yüksək səviyyədə gerçəkləşdirdiyini vurğulayıb: “Dünyanın 100-dən çox ölkəsindən onminlərlə şəxs bu tədbirə qatılır. Eləcə də dövlət başçıları, rəsmi şəxslər bu tədbirdə iştirak edir. Biz də növbəti dəfə Azərbaycanın təşkilatçılığı ilə beynəlxalq məsələyə həsr olunmuş uğurlu bir layihənin gerçəkləşdirildiyini görürük. Azərbaycanın dəstəyi, imzası, iştirakı ilə dünyanın qlobal problemlərindən ən mühümü olan iqlim probleminin həlli istiqamətində əhəmiyyətli bir addım atıldığının şahidi oluruq. Bu mənada COP29 tədbiri çox təqdirəlayiqdir. Hesab edirəm ki, bu, tədbir həm də dünyada iqlim problemlərinin həllinə həsr olunmuş növbəti bir mötəbər addım kimi tarixə keçəcək”.

Röya İsrafilova