“COP29 tarixdə inklüziv konfrans kimi qalacaq” Siyasət

“COP29 tarixdə inklüziv konfrans kimi qalacaq”

“COP29 Azərbaycanda fəaliyyətini uğurla davam etdirir. Bu uğurun öz zəminləri var. Azərbaycan ev sahibi kimi bu tədbirə çox ciddi hazırlaşıb və bütün maraqlı tərəfləri cəlb edərək ambisiyalı bir gündəlik hazırlayıb”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli deyib.

O qeyd edib ki, Azərbaycan ev sahibi kimi iki əsas məsələnin üzərində dayanırdı: “Birincisi, inkişaf etməkdə olan ölkələrin adaptasiyası üçün maliyyə öhdəliyinin gücləndirilməsi, yəni iqlim dəyişmələrinin maliyyələşdirilməsi ilə bağlı yeni öhdəliklər və yeni kəmiyyət göstəricilərinin müəyyənləşməsi, ikincisi isə sözdən əmələ keçid və praktik fəaliyyətlərin sürətləndirilməsi. Daha vacib məsələlərdən biri də inklüvizliyin təmin edilməsi idi. COP29 tarixdə inklüziv konfrans kimi qalacaq. Azərbaycan ada dövlətlərinin geniş təmsilçiliyini təşviq edərək buna nail oldu. Həmçinin iqlim dəyişmələrindən daha çox təsirlənən Afrika, Cənub Şərqi Asiya, Karib hövzəsindən olan ölkələrin və yerli xalqların nümayəndələrinin iştirakını təmin etdi. “Heç kimin səsi arxada qalmasın, heç kim unudulmasın” şüarı COP29-un əsas devizlərindən biridir. İqlim dəyişmələri dünyanın hər yerində eyni dərəcədə hiss olunmur. Hazırda ada dövlətləri böyük təhlükə ilə qarşılaşırlar və COP29-da onların səsi daha ucadan eşidilir və rəsmi Bakı ev sahibi kimi bunun üçün maksimum səy göstərib”.

Röya İsrafilova