“Müstəmləkələr Fransa siyasətində qara ləkədir” Siyasət

“Müstəmləkələr Fransa siyasətində qara ləkədir”

Aydın Mirzəzadə: “Bu məsələ dünya ictimaiyyətində böyük narahatlıq doğurur”

Bütün dünyaya demokratiya dərsi keçməyə çalışan, insan haqları ilə bağlı manipulyasiya edən Fransa dənizaşırı ərazilərdə müstəmləkəçi siyasət həyata keçirir. İnsanlar hətta görüş tələb etdiyi üçün saxta ittihamlarla həbs olunur, zorakılığa məruz qalır.

Fransanın zorakı, özbaşına metodlardan istifadə etdiyi müstəmləkəçilik siyasəti haqqında millət vəkilləri, politoloqlar fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüblər.

Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Fransa dünyaya insan hüquqları və demokratiya dərsi keçməyə çalışır, amma özünün bu istiqamətdə xeyli problemləri var, ən böyük problem müstəmləkələrlə bağlıdır: “Dünyanın müxtəlif bölgələrində hələ də müstəmləkə saxlaması Fransa siyasətində qara ləkədir. BMT-nin müstəmləkəçiliyə qarşı çağırışlarına və dünyada sülhün qorunması üçün cavabdeh olan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmasına baxmayaraq Fransa hələ də müstəmləkəçilik siyasəti yeridir, müxtəlif bölgələrdəki xalqların öz müqəddaratını təyin etməsinə mane olur. Səbəb isə həmin ölkələrin təbii sərvətlərini ucuz qiymətə əldə etmək, əhalini istismar etmək, eyni zamanda, həmin ərazilərdə nüvə sınaqları və təbiətə, insanların həyatına zərər vuran sınaqlar keçirməkdən ibarətdir. Bu məsələ dünya ictimaiyyətində böyük narahatlıq doğurur”.

A.Mirzəzadə vurğulayıb ki, iş hətta o səviyyəyə çatıb ki, Fransa Afrikadakı keçmiş müstəmləkə olan ölkələrdən qovulur, hərbi kontingentdən çıxarılır, həmin ölkələr Fransa ilə müdafiə barəsində sazişlərinə xitam verir.

Deputat həmçinin diqqətə çatdırıb ki, COP29 ərəfəsində Fransa, Niderland və bir neçə ölkə tədbiri gözdən salmaq üçün geniş fəaliyyətə - Azərbaycan ilə bağlı yalan və iftira yaymağa başladılar, tədbiri baykot etmək çağırışlarını səsləndirdilər: “Ancaq bütün bunlara baxmayaraq dünyanın 196 ölkəsindən 76 minədək iştirakçı Azərbaycana gəldi və bu günlərdə konfrans uğurla davam etməkdədir. Konfransda Cənab Prezidentimizin ada dövlətləri ilə bağlı çıxışında Fransanın işğalçılıq siyasəti ifşa olundu. Fransaya həmin xalqların hüquqlarına hörmətlə yanaşmasına çağırış edildi. Fransanın müstəmləkə siyasətinə etiraz dünyanın müxtəlif bölgələrində günü-gündən artmaqdadır. Gec-tez Fransa həmin xalqların hüquqlarına hörmətlə yanaşmağa məcbur olacaq”.

“Fransa müstəmləkəçi dövlətdir”

“Qərbin, xüsusən böyük dövlətlərin ənənəvi siyasəti özlərinin törətdiyi əməlləri başqasının adına yazmaq və onu qınaq obyektinə çevirməkdən ibarətdir. Bununla da müxtəlif dövlətlərin daxili işlərinə müdaxilə edirlər” deyən politoloq Vaqif Hüseyn isə əlavə edib ki, Fransa müstəmləkəçi dövlətdir, həmçinin qondarma erməni soyqırımı məsələsini ən çox təbliğ edən, dünya gündəminə daşıyan Fransadır: “Fransa eləcə də Türkiyənin Avropa İttifaqına girişini əngəlləyən əsas dövlət sayılır. Amma Fransanın özünün müstəmləkəçilik siyasəti ilə bağlı tarixi o qədər də parlaq deyil, acı həqiqətlərlə doludur”.

“Bu alovun tüstüsünün bir ucu Parisdən çıxa bilər”

Politoloq Elman Telmanoğlu vurğulayıb ki, Martinik adasında baş verən hadisələr Fransa siyasətinin iç üzünü açıb ortaya qoyur. O əlavə edib ki, illərdir maskalanan Fransanın neomüstəmləkəçilik siyasəti artıq pik həddə çatıb: “Xalqlar bu siyasi konyunkturadan bezərək öz azadlığının tələb edir, amma əliyalın, silahsız dinc insanları qəddarcasına məhv etməkdə mahir olan üzdəniraq qonşularımızın “böyük bacıları” yenə də öz ampluasındadır. Fransanın müstəmləkəçilik siyasəti uzun müddət ərzində müxtəlif ölkələrdə ciddi problemlərə səbəb olub. Bu siyasət, zorakı və özbaşına metodlardan istifadə edərək, yerli xalqların hüquqlarını pozub və onların təbii sərvətlərini amansızcasına istismar edib”.

E.Telmanoğlu müstəmləkəçilik dövründə Fransanın Afrika, Asiya və Karib dənizi bölgələrində bir çox ölkəni işğal etdiyini və bu ölkələrin iqtisadi və sosial strukturlarını dəyişdirdiyini vurğulayıb: “Bunu da qeyd edim ki, Martinik, Karib dənizində bir adadır, ada Fransanın əyalətlərindən biridir və rəsmi adı Departement de la Martinique adlanır. Ada administrasiyası paytaxt Fort de Fransda yerləşir. Adanın konstitusiyası Fransa konstitusiyası ilə eynidir və 28 sentyabr 1958-ci ildə elan edilib”.

Fransanın müstəmləkəçilik siyasəti nəticəsində bir çox ölkədə yoxsulluq, sosial ədalətsizlik və ekoloji problemlər yarandığını bildirən politoloq eləcə də müstəmləkəçilik dövründə yerli xalqların hüquqlarının pozulduğunu, onların mədəniyyətlərinin və dillərinin məhv edildiyini diqqətə çatdırıb: “Bu siyasət, həmçinin, yerli xalqların təbii sərvətlərinin istismarına və onların iqtisadi vəziyyətinin pisləşməsinə səbəb olub. Fransanın müstəmləkəçilik siyasəti bu gün də bir çox bölgələrdə davam edir və bu, yerli xalqların hüquqlarının bərpası və ədalətin təmin edilməsi üçün ciddi mübarizə tələb edir. Bu mübarizələr isə artıq alovlanmağa başlayıb, ola bilər bu alovun tüstüsünün bir ucu da Parisdən çıxsın!”.

“Fransa saxta ittihamlarla həbslərə də əl atdı”

Milli Məclisin deputatı Müşfiq Cəfərov dünyanın XXI yüzilində olmasına baxmayaraq Fransanın əsrlər əvvəl olduğu kimi, bu gün də neokolonial siyasətini davam etdirdiyini diqqətə çatdırıb.

Deputat əlavə edib ki, Emmanuel Makron hökuməti yüz illər əvvəlki "Azadlıq, bərabərlik, qardaşlıq" devizi altında müstəmləkəçilik siyasəti yürüdən Fransanın bu siyasətini böyük səylə davam etdirir: “Nəticədə Fransanın işğalından qurtula bilməyən ölkələrdə əhalinin vəziyyəti getdikcə daha da ağırlaşır. Rəsmi Parisin ədalətsizliyindən, qanunsuz qərarlarından cana doymuş, dövlət müstəqilliklərini itirmiş xalqlar dünyaya səslərini çatdırmaq üçün ayağa qalxıblar. Onların istəyi öz ölkələrində təhlükəsiz şəraitdə, azad və dinc yaşamaq, milli-mənəvi sərvətlərinə sahib çıxmaqdır. Bu ölkələr zəngin təbii ehtiyatlara malik olduğu halda, Fransanın müstəmləkəsinə çevrildikdən sonra xalqlarının maddi vəziyyətləri getdikcə daha da ağırlaşır, yoxsulluq pik həddə çatır, bu da insanların səbrini tükəndirir, qəsbkarlara qarşı etirazlarını alovlandırır. Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilərində - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı və Haiti kimi ölkələrin yerli əhalisi də yüz illərdir davam etdirilən ədalətsizliyə son qoyulmasını, hüquqlarının bərpa edilməsini istəyirlər”.

M.Cəfərov son illər öz daxilində tüğyan edən narazılıqların qarşısını ala bilməyən, sosial-iqtisadi problemlərini həll etməyə gücü yetməyən Fransa hökümətinin işğal etdiyi ölkələrdə vəziyyətin olduqca acınacaqlı olduğunu vurğulayıb: “Rəsmi Parisin müstəmləkəçilik siyasəti nəticəsində gündən-günə yoxsullaşan həmin ölkələrdə etirazlar səngimir. Dənizaşırı ərazilərdə müstəmləkəçi siyasət yürüdən Fransa saxta ittihamlarla həbslərə belə əl atdı. Fransanın müstəmləkə altında saxladığı Martinikdə baş verən nümayişlər, iğtişaşlar göstərir ki, rəsmi Parisin müstəmləkəçilik siyasətinin başa çatmasının zamanı yetişib”.

Röya İsrafilova