“Xalq Cəbhəsi” qəzetinin Azərbaycanın media məkanında öz dəst-xətti var” Siyasət

“Xalq Cəbhəsi” qəzetinin Azərbaycanın media məkanında öz dəst-xətti var”

“Azərbaycanın media məkanında öz dəst-xətti olan qəzetlərdən biri “Xalq Cəbhəsi”dir. Təbii ki, 23 il əldə olunan nailiyyətlər qəzetin kollektivinin – baş redaktorun, redaktorun, müxbirin, korrektorun nailiyyətidir. Onlar öz zəhməti, əziyyəti hesabına bu qəzeti daim inkişaf etdirib, gündəmdə saxlayıb”.
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Millət vəkili əlavə edib ki, qəzetçilikdə saytla müqayisədə bir məsələ var ki, çap olunan material arxivdə qalır, onu silmək mümkün deyil, ona görə də cavabdehliq daha çoxdur: “Xalq Cəbhəsi” qəzetinin özünün oxucu kütləsi var. Eyni zamanda, bu qəzetlə işləyən siyasi xadimlər, politoloqlar, deputatlar, məmurlar – hamısı bilir ki, mütləq şəkildə onların fikri olduğu kimi çap olunur, oxucu kütləsinə olduğu kimi çatdırılır. Buna görə də bu şəxslər “Xalq Cəbhəsi” qəzeti ilə məmnuniyyətlə əməkdaşlıq edirlər. Milli Məclisdə təmsilçiliyi olan “Xalq Cəbhəsi” qəzetinin əməkdaşlarının siyasi, iqtisadi, hərbi və s. cəhətdən peşəkarlıqları da göz önündədir. 23 il bir qəzet üçün nə az, nə də çox deyil. Bu 23 ildə hərbi, həmçinin iqtisadi, sosial, siyasi, mədəni mövzuların təhlili və beynəlxalq səviyyəli reportajların hazırlanması “Xalq Cəbhəsi” qəzetini oxunaqlı etdi. Bir daha bu qəzetin kollektivini fəaliyyətlərinin 23–cü ildönümü münasibətilə təbrik edirəm, onlara şərəfli peşələrində müvəffəqiyyətlər diləyirəm və düşünürəm ki, gələcəkdə də bu dəst-xətti saxlayıb oxucu kütləsi üçün maraqlı olan ən ciddi təhlilləri, eyni zamanda, məlumatları çatdıracaqlar...”.