“Azərbaycan haqlı mövqeyindən geri çəkilməyəcək” Siyasət

“Azərbaycan haqlı mövqeyindən geri çəkilməyəcək”

“Çox təəssüflər olsun ki, Ermənistan Hindistandan, həmçinin Fransa, ABŞ və digər ölkələrdən silahlar alır. Məhz buna görə də Ermənistan sülh prosesini bilərəkdən uzadır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.
O əlavə edib ki, Ermənistan sülh müqaviləsinin şərtlərini ona görə qəbul etmir ki, 44 günlük müharibədə darmadağın olmuş ordusunu yenidən bərpa etsin: “Ermənistan militarist siyasətlə məşğuldur, güclü silahlanma və ordu qüvvələrini bərpa edəndən sonra sübut etməyə çalışır ki, onların da mövqeləri güclənib. O, sülh prosesində də bundan istifadə etmək istəyir. Təbii ki, Azərbaycan da boş dayanmır. Ermənistan əgər silahlanmanı dilənə-dilənə həyata keçirirsə, Azərbaycanın iqtisadi vəziyyəti imkan verir ki, o, öz hərbi potensialını daha da müasir tələblərə uyğun qursun. Hesab edirəm ki, Ermənistanın bu düşüncələri onların sülh müqaviləsi bağlamasında hər hansı bir şərt qoyulması üçün əsas verə bilməz. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün şərtini irəli sürüb. Qəti mövqe ondan ibarətdir ki, Ermənistan konstitusiya dəyişikliyinə getməlidir. Təbii ki, Ermənistan bunu qəbul etmək istəmir. Sürətlə silahlanır və istəyir ki, Azərbaycan mövqeyindən geri çəkilsin. Amma Azərbaycan haqlı mövqeyindən geri çəkilməyəcək”.

Röya İsrafilova