“Hindistan Ermənistan üçün aparıcı silah tədarükçüsünə çevrilir” Siyasət
“Ermənistan həm Fransadan, həm də Hindistandan müxtəlif təyinatlı silahlar alır. Əlbəttə, bunu regionda balansın pozulması və yenidən müharibəyə hazırlıq kimi də qiymətləndirmək olar”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında hərbi jurnalist Anar Şuşalı deyib.
A.Şuşalı əlavə edib ki, Azərbaycan istənilən hücum və təhdidlərin qarşısını almağa qadirdir: “Azərbaycan günü-gündən arsenalını yeniləyir və güclənir. Ölkəmiz regionun lideri və ən güclü dövlətidir. Bunu 2016 və 2020-ci illərdə bir daha gördük. Ermənistan istənilən ölkədən silah tədarükü görsə də, bizim üçün qorxusu yoxdur. Müzəffər Ali Baş komandan İlham Əliyevin apardığı siyasət ölkəmizi daha da qüdrətli edir. Ermənistan mediasının yalan yazılarına gəldikdə isə Ermənistan aldığı ATAGS haubitsaları yerli dil interfeysinə malik ballistik kompüterlərlə təchiz olunub. Bu fərdiləşdirmə, erməni artilleriya ekipajlarının əməliyyatlarını sadələşdirir, təlim vaxtını və səhv ehtimalını azaldır. Ballistik kompüterlər Ermənistanın quru naviqasiya sistemləri ilə də inteqrasiya halında işləyir. Bu, inteqrasiya haubitsanın döyüş meydanında ümumi effektivliyini artırır və hədəf seçməyə imkan verir. Xatırladaq ki, Hindistan ATAGS haubitsalarının 6 ədədlik ilk partiyasını 2023-cü ilin avqust ayında Ermənistana təhvil verib. Hindistan Cənubi Qafqazdakı strateji müttəfiqi Ermənistana yeni silah partiyası tədarük etməyi düşünür”.
O həmçinin əlavə edib ki, Hindistan əvvəllər Ermənistana xaricə ilk dəfə satılan öz inkişafı olan 214 mm-lik “Pinaka” yaylım atəşli reaktiv sistemlərini, həmçinin tank əleyhinə raketlər və sursat partiyası verib: “Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi vasitəsilə çatdırılıb. Hindistanın “Bharat Forge” müdafiə şirkəti 155,5 milyon ABŞ dollarlıq müqavilə çərçivəsində 6 ədəd yedəyə alınan 155 mm-lik ATAGS haubitsasını Ermənistana təhvil verib. Onu da deyim ki, müqavilə üç il ərzində bu tipli 90 artilleriya qurğusunun tədarükünü nəzərdə tutur. Bunlardan başqa, Ermənistan Hindistana 155 mm çaplı MArG 155-BR özüyeriyən artilleriya qurğusu da sifariş verib. Qeyd edim ki, Ermənistan Hindistandan 155 mm çaplı haubitsalar alması barədə xəbərlər ilk dəfə geniş ictimaiyyətə 2022-ci ilin noyabr ayında məlum olub. 2020-ci ilin əvvəlində isə Ermənistan artilleriya mövqelərini aşkar etmək üçün Hindistanla dörd ədəd “Swathi Weapon Locating Radar” yerüstü radiolokasiya stansiyasının alınması barədə təxminən 40 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. Yuxarıda qeyd olunlara baxsaq onu deyə bilirək ki, Hindistan Ermənistan üçün aparıcı silah tədarükçüsünə çevrilir”.
Röya İsrafilova