“Fransa həmişə ermənipərəst siyasət yürüdüb”-deputat Siyasət

“Fransa həmişə ermənipərəst siyasət yürüdüb”-deputat

“Fransa həmişə ermənipərəst siyasət yürüdüb. Lakin açıq-aşkar Azərbaycan düşmənçiliyi və Azərbaycanla olan münasibətlərə xələl gətirmək siyasətində ehtiyatla davranıb. 30 ilə yaxın müddətdə Minsk qrupunun həmsədri kimi Fransan işğalçıya açıq dəstək verməkdən çəkinsə də, əslində Azərbaycanın əleyhinə siyasət yürüdüb”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O əlavə edib ki, Fransa ya sülh danışıqlarının ya bu cür davam etməsində, ya da tamamilə Ermənistanın xeyrinə həll edilməsində maraqlı tərəfdir: “Amma mövqeyində, fikirlərində, xarici siyasətində bir növ ehtiyatlı davranmağı da unutmayıb. Makron hakimiyyətə gəldikdən sonra bu deletant siyasətçi Fransa tarixinə ən çox təzyiqlərə məruz qalan prezident kimi düşüb. Bu insanın hakimiyyətə gəlişindən bir müddət sonra hələ də az-çox davam edən sarı jiletlilərin iğtişaşlarının, tətillərin, mitinqlərin ardı-arası kəsilmir. İllərdir ki, bu proses davam edir. İllərdir ki, Makron Fransa tarixinin ən aşağı faiz reytinqi olan prezidenti kimi “liderliyini” qoruyub saxlayır. Onun anlaşılmaz xarici siyasəti, Avropa İttifaqı çərçivəsində liderlik iddiaları, bir növ titullu, nüfuzlu dünya liderlərinin sırasına qoşulmaq cəhdləri var, lakin fiaskoya uğrayır”.
Deputat vurğulayıb ki, Azərbaycanın 2020-ci il Vətən müharibəsindəki tarixi qələbəsi Fransanın yuxusunu ərşə çəkdi və açıq-aşkar ermənilərdən çox ermənilik etməyə başladı. V.İskəndərov həmçinin bildirib ki, Azərbaycan birgünlük anti-terror tədbirləri ilə suverenliyini 100 faiz bərpa etdikdən sonra da Fransa artıq yalnız özü ilə yox, ətrafına yığdığı özünəbənzər dövlətlər və qurumlar vasitəsilə hər fürsətdə ölkəmizə təzyiqlər etmək siyasətinə girişdi.

Röya İsrafilova