“Ermənistan təxribat həyata keçirmək üçün plan qurur”-ekspert Siyasət

“Ermənistan təxribat həyata keçirmək üçün plan qurur”-ekspert

“Ermənistan hərbi siyasi rəhbərliyi, eləcə də ona silah tədarük edən ölkələrin hərbi siyasi rəhbərliyi açıqlamalarında Ermənistana ötürülən silahların müdafiə xarakterli olduğunu deyərək beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Ancaq bu gün onların əsl xisləti bəlli olur”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov söyləyib.
A.Bayramov əlavə edib ki, Ermənistana tədarük edilən silahlar hər hansısa bir müdafiə yox, məhz hücum təyinatlı silahlardır: “Sözügedən haubitsaların taktiki-texniki xüsusiyyətlərində daha uzaq məsafəni vura biləcəyi göstərilir. Söhbət 45-50 kilometrə yaxın məsafədən gedir. Bu da onu deməyə əsas verir ki, məhz Ermənistan gələcəkdə təxribat həyata keçirmək üçün plan qurur. Xüsusilə də tədarük edilən haubitsaların Ermənistana ötürülməsi Ermənistanı gələcəkdə revanşa daha da həvəsləndirir. Əlbəttə, məhz Ermənistana ötürülən bu silahlar onlara hər hansısa bir üstünlük qazandırmayacaq. Çünki İkinci Qarabağ müharibəsinə qədər Ermənistanın arsenalında yetərincə sözügedən haubitsanın analoqu olan arteriya silahları və sistemləri mövcud idi. Amma bu, Ermənistana heç bir halda kömək etmədi. Müasir cari dövrdə də Azərbaycan ordusunun arsenalında elə yüksək dəqiqlikli silahlar var ki, məhz məsafə və dəqiqlik baxımından Ermənsitana ötürülən silahlardan qat-qat üstün və keyfiyyətlidir. Biz bunu İkinci Qarabağ müharibəsində, eləcə də anti-terror tədbirlərində müşahidə etdik”.
Ermənistan və onun havadarlarının keçmiş ağır nümunələrdən hələ də dərs çıxardıqlarını vurğulayan ekspert diqqətə çatdırıb ki, gələcəkdə Ermənistan hər hansısa bir təxribat yönümlü fəaliyyətə əl atarsa mütləq şəkildə Azərbaycanın bunun adekvat cavab tədbirləri görüləcək.
O, həmçinin qeyd edib ki, yaranmış vəziyyətdən Ermənistan və onun silahlandırmağa çalışan havadarlarının hərbi siyasi rəhbərliyi məsuliyyət daşıyacaq.

Röya İsrafilova