Qərbi azərbaycanlı: Ermənilərin çirkin əməllərini, nifrətini gözlərimlə görürdüm Siyasət
Ötən əsrdə dədə-baba yurdlarından didərgin salınan Qərbi azərbaycanlılar uzun illərdir doğma el-oba həsrəti ilə yaşayırlar. Harada yaşamalarına baxmayaraq, onların hər biri keçmişi, yaddaşlarına qazınan xatirələri, damarlarında axan qanı, varlığı ilə doğma elə bağlıdır. Belə insanlardan biri də qədim oğuz yurdu olan Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olan Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, texnika elmləri doktoru, professor Ziyad Abbasovdur. Qərbi azərbaycanlı AZƏRTAC-ın bölgə müxbirinə Kəsəmənli günlərindən, yurd nisgilindən danışıb.
“Kəndin təməli XVI əsrdə Qazaxın Qıraq Kəsəmən kəndindən gələn iki qardaş tərəfindən qoyulub. Kəndimizdə 1988-ci ilədək ancaq azərbaycanlı ailələr yaşayıb”, - deyən müsahibim oradakı Cüt, Duzlu, Subatan, Qurbanəli, Koroğlu bulaqları, Göyqaya, Ağqaya, Kalvayı Vəli, Ağdaş qayaları, Ocaq təpəsi dağı, Dəyirman, Koroğlu, Şiştəpə, Sarınər dərəsi kimi türk mənşəli toponimlərlə adlanan neçə-neçə yurd yerlərini sadalayır. Kəsəmənin səfalı təbiətə malik olduğunu vurğulayan Ziyad müəllim doğma yurdda ömrünün ən unudulmaz və gözəl günlərinin keçdiyini dilə gətirir: “Ailəmizdə 7 övladdan biri olmuşam. Atam Mehralı kişi dəmirçi olub, yanına ətraf kəndlərdən də gələrdilər. Kəndimizdə əhali zəhmətkeş idi, kolxozda çalışırdılar, əkinçilik, heyvandarlıq, tütünçülük, taxılçılıqla məşğul olurdular. İnsanların geniş meyvə bağları var idi, biz arı da saxlayırdıq, təmiz balından yeyib, qonşulara da verərdik”, - deyən Ziyad müəllim kəsəmənlilərin mehriban, həyatsevər olduqlarını, şad və dar günlərində hər zaman bir-birinin yanında durduqlarını söyləyir.
Ziyad Abbasov deyir ki, kənddə milli-mənəvi dəyərlərə, adət-ənənələrə böyük həssaslıqla yanaşılıb. “Yurda sevgini, böyüyə-kiçiyə hörməti, ailəyə bağlılığı, çətinliklərə mərdliklə sinə gərməyi uşaqlıqdan öyrəndik. El bayramlarımızı lazımınca keçirirdik, aşıq məclisləri qurulurdu, dastanlar səsləndirilirdi. Uşaq yaşlarıma təsadüf etsə də, xatırlayıram ki, İkinci Dünya müharibəsi illərində, ondan sonra müəyyən bir müddət qıtlıq, çətinlik olsa da, insanlar şuxluğunu, ruh yüksəkliyini, məğrurluğunu itirmirdilər”, - deyən Qərbi azərbaycanlı məktəb illərini də bugünkü kimi xatırlayır. Kənddə 7 illik məktəbdə oxuyan müsahibim təhsilini qonşu kənddəki tam orta təhsil ocağında davam etdirib. “Dərslərimizi həvəslə oxuyurduq, əlaçı idim. Mən də daxil olmaqla, 12 uşaq hər gün saat 5-də durub, yağış-qar demədən kilometrlərlə yol qət edərək böyük şövqlə Şişqaya kəndinə məktəbə gedirdik. Məktəbdə bizə səhər idmanı da etdirirdilər. Bir dəfə idmana gecikmişdik deyə, Qədir müəllim bizi dərsə buraxmamışdı. Biz də direktora demişdik ki, idmanı elə uzun yolda etmişik, beləcə bir gün də olsa dərsi buraxmamışdıq”, - deyən müsahibimin üzündə təbəssüm yaranır.
Danışıq əsnasında görürük ki, Ziyad Abbasovun yurduna aid bütün xatirələri belə xoş duyğular yaratmır. Təbii ki, ürəyini sıxan məqamlar da var. Həmsöhbətimizin sözlərinə görə, Kəsəmən əhalisi 1918-1920-ci illərdə ermənilər tərəfindən deportasiyaya məruz qalıb. “Qönçə nənəm o zaman uşaqlarını da götürüb, min bir zülmlə Gəncəyə qaçmalı olub, sonradan isə yurd həsrətinə dözməyərək, geri dönüb. O, ermənilərin günahsız azərbaycanlılara necə divan tutmasından danışardı. Böyüdükcə ermənilərin çirkin əməllərini, nifrətini öz gözlərimlə də görürdüm”, - deyən müsahibim bildirir ki, ermənilər azərbaycanlıların savadlı, bilikli, bacarıqlı olmasına həmişə qısqanclıqla yanaşıblar. Qorxaq olduqları üçün məkrlə, əllərindən gəldiyi qədər azərbaycanlıları özlərindən asılı vəziyyətə salmağa çalışıblar.
“Maşın, traktor stansiyaları var idi, ordan gələn texnikalarla kolxoz sahələri şumlanırdı, biçilirdi. Stansiyalara rəhbərlik ermənilərə həvalə olunurdu ki, onlardan asılılıq olsun. Kəndimizə gələn stansiya sədri Nazaryanın təkəbbürünü görüb, söz verdim ki, aqrar sahə üzrə mütəxəssis olacağam. Azərbaycanda ali təhsil almamışdan öncə, İrəvan Kənd Təsərrüfatı Texnikumunu əla qiymətlərə bitirmişdim”, - deyən Ziyad Abbasov vurğulayır ki, təhsil illərində ermənilər öz nifrətlərini azərbaycanlı gəncləri davaya təhriklə də göstəriblər, sonda isə döyülən elə özləri olublar.
Ermənilər hər zaman azərbaycanlıların hörmətindən, nüfuzundan, mərdliyindən, igidliyindən çəkiniblər: “Bizim ellərin yüksək vəzifələrdə işləyən Yunis Rzayev, Qəşəm Aslanov, Şişqaya kəndinin kolxoz sədri Mikayıl Bayramov kimi şəxsiyyətləri olub. Bu insanlar ermənilərə öz yerini həmişə göstəriblər. Ermənilər gizli nifrətlərini sonradan açıq-aşkar büruzə verməyə başladılar”.
1987-ci ilin noyabrında Qafandan qərbi azərbaycanlıların çıxarılmasından daha da həvəsə gələn ermənilər əhaliyə öz doğma yurdlarını tərk etmələri üçün təzyiq göstərməyə başlayıblar. Basarkeçər rayonunun mərkəzinə sərnişin daşıyan avtobusların fəaliyyəti dayandırılıb, məktəblər bağlanıb, mülki azərbaycanlıların həyatı üçün təhlükə açıq-aşkar forma alıb. “Qardaşım Əli Abbasov kəndimizin kolxoz sədri idi. Onunla birgə 21 kolxoz sədri öz aralarında yazışaraq belə qərara gəlirlər ki, kəndlərin, əhalinin təhlükəsizliyi üçün tədbirlər görsünlər. Səngərlər qazılır, gecələr növbə çəkilir, qadın və uşaqların kəndləri tərk etməməsi qərarlaşdırılır. Bu yazışmalardan biri ermənilərin əlinə keçmişdi, may ayında qardaşımı vəzifədən çıxardılar, qarlı-çovğunlu qışda isə əhalini deportasiya etdilər”. Ziyad Abbasov deyir ki, heç kəs öz ata-baba ocağını, qabarlı əlləri ilə ucaltdığı ev-eşiyini tərk etmək istəməyib, ancaq təzyiqlər və təhlükə insanları yurddan əli yalın, mal-mülkünü, varidatını orada qoyaraq, didərgin düşməyə vadar edib. Həmsöhbətimin ailə üzvləri Gəncəyə üz tutublar. Qərbi azərbaycanlı o günləri qəhərlənərək xatırlayır...
İllərlə işğal altında olan torpaqlarını azad edərək tarix yazan bir xalqın nümayəndəsi olmasından qürur duyduğunu deyən Ziyad Abbasov dövlətimizin qərbi azərbaycanlıların öz tarixi torpaqlarına ləyaqətlə qayıdışına nail olacağına da əmindir.