"Bəşəriyyət məhv ola bilər" Siyasət

"Bəşəriyyət məhv ola bilər"

“Artıq 15 ilə yaxındır ki, SSRİ dağılandan sonrakı mərhələdə dünyada bifurkasiya prosesi gedir. Bu, tarix boyu təkrarlanan bir prosesdir və bunun nəticəsində yeni dünya düzəni yaranır. Yeni dünya düzəni də böyük imperiyaların dağılması nəticəsində yeni dövlətlərin yaranması, bəzi dövlətlərin yoxa çıxması ilə baş verir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Vəli Əlibəyov söyləyib.

O qeyd edib ki, dünya hazırda böyük dəyişikliklər ərəfəsindədir: “Bir neçə imperiyalar dağılmalıdır. Bir çox alimlər də qeyd edir ki, dünya III Dünya müharibəsi astanasındadır. Əlbəttə ki, burada Rusiya İmperiyasının mövcudluğu məsələsi var. O dağılmayanadək bu proses davam edəcək. Görünən də odur ki, Rusiya asanlıqla məğlub olmaq istəmir. Əvvəlki dövrlərdən fərqli olaraq bu dəfə Rusiyanın əlində nüvə silahı var. Bu silahla Rusiya bəşəriyyəti məhv edə bilər”.

V.Əlibəyov vurğulayıb ki, III Dünya müharibəsi başlayarsa Rusiyanın Şimali Atlantika bloku dövlətləri qarşısında tab gətirmək taqəti olmayacaq: “Eyni zamanda, Şimali Atlantika blokunun bir neçə ölkəsi Rusiyaya zərbələr endirəcək və Rusiya məhv olacaq. Bütün gedişat ona doğru gedir. Yəni əvvəli illərdən fərqli olaraq III Dünya müharibəsi ehtimalı daha çoxalıb. Bu da ABŞ, Almaniya, Böyük Britaniya, Fransa rəhbərlərinin öz uzunmənzilli silahlı raketlərindən Ukraynada Rusiyaya qarşı istifadəsi icazəsi verəndən sonra baş verdi. Ukraynada artıq bu proses başlayıb. Müharibənin olma ehtimalı həqiqətən də çoxdur. Putinin də xalqa müraciət etməsi boş yerə deyildi. Həmçinin Qazaxıstan Prezidenti də dövlət təhlükəsizliyi ilə bağlı müəyyən dövlət qurumlarına tapşırıqlar verdi. Düşünürəm ki, başqa dövlətlərdə də belə hazırlıqlar gedir. Yəni hər an, hər dəqiqə hər şey ola bilər”.

Röya İsrafilova