“III Dünya müharibəsi qeyri-realdır” Siyasət
“III Dünya müharibəsinin olacağı istiqamətində müxtəlif şərhlər, açıqlamalar verilir. Bir çox açıqlamalar diqqət çəkir. Amma mən bu müharibənin olacağını düşünmürəm. Əvvəlcə onu qeyd etmək lazımdır ki, indiki məqamda III Dünya müharibəsinə dair iddiaların əsas almasının başlıca səbəbi Ukraynaya Böyük Britaniya, ABŞ və Fransanın uzaqmənzilli ballistik raketlərdən istifadəyə icazə verməsi və Rusiyanın da buna cavab olaraq Ukraynaya qarşı ballistik raketlərdən istifadə etməsi, həmçinin nüvə doktrində dəyişiklik edilməsidir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
O əlavə edib ki, bu məsələlər III Dünya müharibəsi istiqamətində iddiaları artırır: “Amma burada sual yaranır. III Dünya müharibəsi dedikdə biz nəyi nəzərdə tuturuq? Yəni klassik mənada III Dünya müharibəsi anlayışı üçün ilk 2 dünya müharibəsinə baxmaq lazımdır. I və II Dünya müharibəsinə biz niyə dünya müharibəsi deyirik? Bu, sual çox vacibdir. Məntiq etibarı ilə onun öncəsində Napoleonun Avropanı işğal etmək cəhdləri olmuşdu və ya Osmanlının Avropadakı fəthləri zamanı ona qarşı bir çox dövlət müttəfiq olmuşdu. Sadə bir misal çəkim. Osmanlıya qarşı Rusiya, Avstriya İmperiyası və Venesiya arasında ittifaq var idi. Bir çox dövlət də Osmanlıya qarşı mübarizə aparıb. Napoleon müharibələrində də eyni hal yaşanıb. Eləcə də Avropada protestantlarla katoliklər arasında 70 ilə yaxın müharibə gedib və burada da bir çox dövlət iştirak edib. Britaniya ilə Fransa arasında 7 illik müharibədə də çox dövlət iştirak edib. Yəni məsələ odur ki, niyə bəs bunlar dünya müharibəsi adlandırılmayıb?”.
T.Rzayev vurğulayıb ki, dünya müharibəsi adlandırmağımız üçün iki tərəf də hərbi ittifaqlar olmalıdır: “Buna indiki məqamda o vaxt klassik mənada III Dünya müharibəsi deyə bilərik ki, KTMT ilə NATO arasında müharibə olsun. Bu, o zaman artıq rəsmi səviyyədə III Dünya müharibəsi olardı. Amma bir dövlətə qarşı bir neçə dövlətin müharibə aparması və ya bir dövlət sırf nüvə silahından istifadə edəcək deyə bunu dünya müharibəsi adlandırmaq doğru bir şey deyil”.
Siyasi şərhçi həmçinin qeyd edib ki, əgər yeni tendensiyalar və yeni müharibə metodları ilə məsələyə baxsaq, III Dünya müharibəsi onsuz da gedir: “Məntiq etibarı ilə Rusiya-Ukrayna müharibəsi, Tayvan ətrafında gedən gərginlik, İran-İsrail, İsrail-Fələstin gərginliyi, hətta Serbiya ilə Kosova arasındakı gərginliyi və digərlərini buraya əlavə etmək olar. Yəni dünyada alovlanan münaqişələrə baxsaq bəli, bunlar sanki bir domino daşı kimi bir-birinin ardınca gedir. Hətta bunun ilk örnəyini bizim Qarabağ müharibəsində görə bilərdik. Amma bunlar ayrı-ayrılıqda gedən müharibələrdir və bu müharibələr hansısa ümumi bir müharibələrin cəbhələri deyil. Bunlar fərdi, regional müharibələrdir və biz bunu klassik mənada III Dünya müharibəsi adlandıra bilmərik. Digər ikisi ilə müqayisədə hazırda dünya müharibəsi yoxdur. III Dünya müharibəsinə bəlkə ən çox yaxın olan vaxt 60-cı illərdəki soyuq müharibənin pik həddi olan Karib böhranı idi. Hansı ki, Karib böhranında Kuba ətrafında SSRİ-nin raketləri ABŞ tərəfindən vurulsaydı, o zaman Sosialist bloku ilə Liberal Demokrat bloku arasında, yəni ABŞ ilə SSRİ blokları arasında müharibə başlayardı. Bu, həm nüvə müharibəsi, həm də III Dünya müharibəsi olardı. Amma mövcud şəraitdə bu, ola bilməz. O vaxt olardı ki, İran, Çin KTMT kimi təşkilatda bir yerdə olardılar və onlar müharibəyə başlayardılar, qarşılıqlı olaraq da Qərbdən müharibə elan olunardı. Bu, III Dünya müharibəsi olardı. Lakin mövcud vəziyyətdə III Dünya müharibəsindən danışmaq çox tezdir və mən bunu, ümumiyyətlə, qeyri-real hesab edirəm”.
Röya İsrafilova