“Bu hərəkətlər Ermənistana verilən dəstəyin təzahürüdür” Siyasət

“Bu hərəkətlər Ermənistana verilən dəstəyin təzahürüdür”

“Avropa İttifaqının mülki adlandırılan keçmiş kəşfiyyatçılardan ibarət missiyasının Azərbaycan sərhədlərindəki fəaliyyəti Azərbaycan tərəfindən etirazla qarşılanıb. Azərbaycan Prezidenti bir müddət öncə Belçika səfirini qəbul edərkən məhz bu məsələyə toxunmuş, onların bölgədə varlığının əslində sülh və sabitliyə deyil, daha çox təxribata, gərginliyə səbəb olduğunu xüsusi qeyd etmişdi”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.

O.Qasımov vurğulayıb ki, bu məsələ Azərbaycanla Ermənistan arasında müzakirə olunan və hələ də razılaşdırıla bilinməyən məsələlərdən biri kimi qeyd olunmalıdır: “Avropa Birliyinin bölgəyə 2022-ci ilin oktyabrında 2 ay müddətinə 40 nəfərlik göndərdiyi missiyanın sonradan Azərbaycanla razılaşdırılmadan müddəti 2 ilə qədər artırıldı və say tərkibi də 5 dəfədən çox artıb. Faktiki olaraq bu missiya Kanada polislərini və ABŞ nümayəndələrini də tərkiblərinə qəbul etməklə Avropa İttifaqı deyil, NATO missiyası kimi dəyərləndirilməlidir. Onların vaxtaşırı Azərbaycan sərhədlərinə gəlməsi, bizim ərazilərimizi binokulla müşahidə etmələri xoş məramdan xəbər vermir. Bu, daha çox təxribat, təzyiq elementi kimi qəbul olunmalıdır. Biz bu fəaliyyətlərin xüsusilə oktyabr ayında, COP29 öncəsi intensivləşdiyini gördük. O zaman onlar Laçın rayonu ərazisinə gələrək eyni fəaliyyəti davam etdirmişdilər. Dünən də onların Qubadlı, Zəngilan istiqamətlərinə gəlmələri və eyni hərəkətləri təkrarlamaları təbii ki, Azərbaycan tərəfindən etirazla qarşılanır. Bu hərəkətlər Ermənistana verilən dəstəyin təzahürüdür. Həmçinin bu missiyanın bölgədəki fəaliyyəti bölgədə gərginliyin saxlanmasına yönəlmiş addım kimi dəyərləndirilməlidir”.

Politoloq Fransanın, Avropa İttifaqının, Qərbin bu missiyanın gələcəkdə hərbi missiyaya çevrilməsi üçün daha çox səy göstərdiklərini diqqətə çatdırıb: “Cənubi Qafqazda maraqları təmin etmək üçün bu missiyadan alət kimi istifadə edilir. Avropa İttifaqının mülki adlandırılan bu missiyasının artıq öz fəaliyyətini bitirməsinə bir neçə ay qalır. Fevraldan sonra həmin missiyanın fəaliyyət müddətini artırıb-artırmaması müzakirə mövzularından biridir. Azərbaycan isə mövqeyini birmənalı şəkildə istifadə edib. Azərbaycan hesab edir ki, artıq Ermənistanla sülh prosesində ciddi məsafə qət olunub, sərhədlərin delimitasiya, demarkasiya prosesləri davam etməkdədir və bu işlər ikitərəfli formatda aparılır. O baxımdan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin fəaliyyətinin dayandırılması ilə bərabər, Azərbaycan həm də Ermənistandan bu missiyanın fəaliyyətinin bitməsini, onun müddətinin uzadılmamasını, həmin missiyanın Azərbaycanla Ermənistan sərhədindən çıxarılmasını tələb edir. Təbii ki, bu da nəzərə alınmalıdır”.

Röya İsrafilova