Milli Məclisdə büdcə müzakirələri davam etdirilib Siyasət

Milli Məclisdə büdcə müzakirələri davam etdirilib

Noyabrın 27-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.

“Xalq Cəbhəsi”nin məlumatına görə, hökumət üzvlərinin iştirak etdikləri iclasda 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklərlə bağlı layihələr birinci oxunuşda müzakirəsi davam etdirilib.

“2025-ci il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında”, “ 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihələrinin birinci oxunuşda müzakirəsi olmaqla ümumilikdə 3 gün davam edən iclasların gündəliyinə 12 məsələ daxil edilib.

Deputat Ceyhun Məmmədov deyib ki, bu gün müharibə iştirakçılarına ayrılan vəsait cəmiyyətdə ən geniş müzakirə olunan məsələlərdən biridir: “Məlum məsələdir ki, burada yüz minlərlə insandan və böyük vəsaitdən söhbət gedir”.

O, müharibə iştirakçıları ilə bağlı təklif irəli sürüb: “Hazırda qısa və uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları arasında fərq yoxdur. Qeyd olunanları nəzərə alaraq, müharibə iştirakçıları arasında qruplaşdırmanın aparılmasını təklif edirəm. Düşünürəm qısa və uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları ilə uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları arasında fərqin müəyyənləşdirilməsi daha ədalətli olardı. O zaman müəyyən kateqoriyalara ayrılan vəsaitin nəzərdən keçirilməsinə də baxa bilərik”.

Deputat Razi Nurullayev isə qeyd edib ki, qazilərin böyük əksəriyyətinin ali təhsilli olmaması onların yaxşı işə düzəlməsinə imkan vermir: “Digər təklifim qazilərin işsizliyi ilə bağlıdır. Demək olar ki, böyük əksəriyyətin ali təhsili yoxdur və bu onların yaxşı işə düzəlməsinə imkan vermir. Bu təkıifi iki dəfə səsləndirmişəm və yenə də təklif edirəm. Nazirliklə ali təhsil müəssisələri arasında razılaşma əldə olunsun və onların nəzdində bir-iki illik təhsil proqramları yaradılsın. Hökumət buradan irəli gələn məsələləri həll edə bilər. Bu sosial narazılıqların aradan qalıdırlmasında əsaslı rol oynayardı”.

“Ən böyük problem işsizliklə bağlıdır”

Deputat Jalə Əliyeva diqqətə çatdırıb ki, Azərbaycanda kəndlərdə yaşayan gənclər şəhərlərə gəlməyə can atırlar: “Təmsil etdiyim Zərdab, Kürdəmir və Ucar rayonlarında ən böyük problem işsizliklə bağlıdır. Qəbuluma gələnlərin 70-80 %-i işlə bağlı müraciət edir. Regionlarda əmək bazarını tənzimləmək üçün istehsalat müəssisələrinin açılması vacibdir. İşsizliyin aradan qaldırılmasının ən effektiv yolu kənd təsərrüfatının inkişafıdır. Amma az gəlirli ailələr onlara ayrılan pay torpaqlarından effektiv istifadə etmir. İşsizlik kəndlərin demoqrafik balansına da mənfi təsir edir. Gənclər şəhərlərə gəlməyə can atırlar”.

Onun sözlərinə görə, vətəndaşlar əlilliyin təyin edilməsi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə sosial qurumlar arasında yol ölçür: “Amma onlara rədd cavabı verilir. Çox vaxt səbəb kimi arayışın natamam doldurulması göstərilir. Yəni vətəndaşlar əməkdaşın yazdığı arayışa görə rədd cavabı alırlar. Buna görə də əlilliyin təyin olunması ilə prosedurun daha sadə olması vacibdir”.

“Pensiya məbləğində keyfiyyət göstəricilərindən istifadə olunsun”

İqtisadçı deputat Vüqar Bayramov isə pensiya sistemi ilə bağlı təkliflərini təqdim edib. V.Bayramov bildirib ki, pensiyaların hesablanmasında kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət meyarlarından istifadə məqsədəuyğun olardı: “Belə ki, əmək pensiyasının məbləği hesablanan zaman pensiya kapitalının məbləği orta pensiya müddətinə, yəni 144 əmsalına bölünməklə hesablanır. Nəticədə aydındır ki, kapitalı yüksək olmayanların pensiya məbləğləri də yüksək olmur. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, pensiya məbləğində keyfiyyət göstəricilərindən, məsələn, ailədə uşaqların sayı kimi indikatorlardan istifadə olunsun. Bununla çoxuşaqlı ailələr daha tez pensiyaya çıxmaq hüququ ilə yanaşı, daha yüksək pensiya almaq imkanı da qazanarlar.
Digər məqam - əmək pensiyaları üçün tələb olunan pensiya kapitalından, yəni 40320 manatdan az yığımı olan vətəndaşlarımızın pensiya məbləğinin hesablanmasıdır. Prezidentin göstərişi ilə pensiya amnistiyasının tətbiq edilməsi çoxlu sayda vətəndaşımıza yığımı az olsa da, əmək pensiyası hüququ yaradıb. Bu, olduqca yüksək qiymətləndirilməlidir. Bununla yanaşı, yığımları minimum kapital tələbinə yaxın olan vətəndaşlarımızın pensiya məbləği müəyyənləşən zaman onların yığımlarının əmsal kimi nəzərə alınması və pensiya məbləğinə əlavə edilməsi yaxşı olardı. Bu baxımdan, diferensial yanaşmaya ehtiyac var”.

“Parlament diskussiya yeridir”

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “biz çalışmalıyıq ki, reallıqlar və həqiqətlər birbaşa vətəndaşa çatsın”,- deyə bildirib: “Məsələn, şəhid ailələrinə diqqətlə bağlı danışırlar. Şəhid ailələrinə dövlət tərəfindən birbaşa 11 min manat sığorta dövlət verilir. Lakin dövlətdən başqa onlara digər strukturlar da vəsait təqdim edir. Heydər Əliyev Fondu da, Yaşat Fondu da 11 min manat verir. Bu gün “Youtube”də çıxış edənlər o 11 min manatdan yapışır, 33 min manatdan yox. Biz istəyirik ki, 33 min manat çatdırılsın. Nümunə kimi Rusiyanı və başqa ölkələri göstərirlər. Biz isə deyirik ki, bir uşağı olana iki otaq, iki uşağı olana üçotaqlı mənzil verilir. Bakıda belə bir mənzil verilirsə, bu, 100 min manatdan artıq vəsait deməkdir. Yəni əlavə 100 min manat təqdim olunur. Onun da üzərinə digər müavinətlər, eləcə də Prezidentin müavinəti əlavə olunur. Bunları biz öz tərəfimizdən lazımı qaydada çatdırırıq. Digər mənbələr də bunu belə formada çatdırsın ki, vətəndaş oxuyanda o “Youtube”də aldadanların ardınca gedib, onların təbliğatının təsiri altına düşməsin. Vətəndaş məsələni qaldırıb, onun seçdiyi deputat həmin məsələyə toxunmayanda düşünür ki, “Youtube”də danışanlar onun xətrini daha çox istəyir. Parlament diskussiya yeridir, ona görə diskussiya aparmalı və həqiqəti tapıb müəyyən qanun qəbul etməliyik. Ona görə də bu diskussiyaya normal baxmaq lazımdır və normal qeyd eləmək lazımdır. Kim nə cür yazır yazsın, söhbət ondan getmir. Kiminsə kiminləsə şəxsi qərəzi yoxdur. Bizim hamımızın marağımız dövlət başçısının apardığı siyasət, onun müdafiəsi, dövlətimizin gücüdür”.

“Distant təhsil vergi təşviqi yolu ilə stimullaşdırılmalıdır"

Deputat Fazil Mustafa vurğulayıb ki, Azərbaycan distant təhsil vergi təşviqi yolu ilə stimullaşdırılmalıdır: “İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) bu il 10 min nəfər, gələn il isə 200 min nəfər üçün qısamüddətli onlayn təlim təşkil edəcək. Bu kurslar ölkədə insan kapitalının formalaşmasına, məşğulluğun artırılmasına dəstəkdir. Biz bunu stimullaşdırmalıyıq. Onlayn təhsil alan insanların vergi yükünün azaldılması vacibdir. Bununla distant təhsilin genişlənməsinə şərait yarada bilərik”.

Deputatı Fatma Yıldırım da təkliflə çıxış edib. F.Yıldırım bildirib ki, aztəminatlı ailələrə 6 ay uşaq qidaları verilsin: “Bu, bir sıra ölkələrdə mövcuddur. Həm də demoqrafik inkişafa səbəb olar. Aztəminatlı ailələr ünvanlı sosial yardım alır. Qanuna görə həmin ailələrə bir il əlavə 100 manat məhz bu məqsədlə verilir”.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev də təkliflə bağlı fikirlərini səsləndirib.

Müzakirə olunan qanun layihələri birinci oxunuşda qəbul edilib.