“Polşa Cənubi Qafqazdakı maraqlarını təhdid altına atır” Siyasət

“Polşa Cənubi Qafqazdakı maraqlarını təhdid altına atır”

“Polşa Prezidenti Andjey Dudanın Ermənistana səfəri çərçivəsində Azərbaycanla şərti sərhədlərə gəlməsi və Avropa İttifaqının "binokl şousu"nun əsas qəhrəmanlarından birinə çevrilməsi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil və beynəlxalq hüquqa açıq hörmətsizlikdir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat əlavə edib ki, görünən odur ki, cənab Duda Qərbin, xüsusən Avropa qurumlarının anti-Azərbaycan siyasətinin təsiri altında bilərəkdən, yaxud bilməyərəkdən imperializmin təcavüzkar tezislərinin icraçısına çevrilib: “Bu isə beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin kobud pozuntusudur. Polşa ilə Azərbaycan arasında strateji tərəfdaşlıq müqaviləsi mövcuddur və həmin müqaviləyə əməl edilməsinə görə Polşa Prezidenti konstitusion qaydada məsuliyyət daşıyır. Lakin Polşa Prezidenti Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığına açıq hörmətsizlik ifadə etməklə, həm də ölkəsini öhdəliklərinə vicdanla əməl etməyən subyekt durumuna düşürməklə beynəlxalq hüququn digər prinsipləri ilə yanaşı, "pacta sunt servanda" (müqavilələr icra olunmalıdır) prinsipinin də pozuntusuna yol açmaqla qəbuledilməz situasiya meydana çıxarıb”.

O həmçinin vurğulayıb ki, Polşa vətəndaşları öz Prezidentlərindən alətə çevrilərək marionet Ermənistanın və Qərb imperializminin maraqlarından çıxış etməyin Polşa dövlətinə hansı fayda gətirə biləcəyi ilə bağlı izahat tələb etməlidir: “Xüsusən Azərbaycanın regionda və bütövlükdə qlobal miqyasda artan rolu fonunda, habelə rəsmi Varşavanın ölkəmizlə strateji tərəfdaşlıq müqaviləsinə malik olduğu bir şəraitdə bu hansı maraqlara xidmət edir, mütləq aydınlaşdırılmalıdır. Təbii ki, nə Polşa Prezidenti, nə Avropa İttifaqı, yaxud hər hansı digər Qərb qurumunun və siyasətçisinin “binokl şousu”nun iştirakçısına çevrilməsi Azərbaycanın regionda yaratdığı geosiyasi konfiqurasiyaya hər hansı formada təsir edə bilməz. Əksinə, bu proseslərin iştirakçısı olan istənilən beynəlxalq subyekt, o cümlədən Polşa özünün Cənubi Qafqazdakı maraqlarını təhdid altına atır. Bu mənada, Azərbaycanın Xarici İşlər Nazirliyinin də ifadə etdiyi kimi, rəsmi Varşava unutmamalıdır ki, Azərbaycan bu qeyri-dost addıma qarşı müvafiq diplomatik tədbirləri görmək və adekvat şəkildə cavab vermək hüququnu özündə saxlayır və hər kəs əmin ola bilər ki, bu prosesdən məhz Polşa özü uduzan tərəf kimi çıxacaq”.

Röya İsrafilova