“Müharibə Cənubi Qafqaza doğru sürüşdürülməyə çalışılır” Siyasət

“Müharibə Cənubi Qafqaza doğru sürüşdürülməyə çalışılır”

“Qərb, məlum dövlətlər Ukrayna vasitəsilə öz istəklərinə nail ola bilmədiyindən bu istəyə gedən yolda yeni vasitələrə əl atır. Vasitəli və vasitəsiz nitqlərlə verilən açıqlamalar da, realizə edilən səfərlər də “ali məqsəd”ə hesablanıb ki, bu da Rusiyanın çökdürülməsidir. Sual olunur ki, buna nail ola bilirdinizsə, elə Cənubi Osetiya və Abxaziya məsələsində, elə 2014-də nail olardınız, elə 2022-də arzunuza çatardınız, niyə bəs bu qədər gecikdiniz, niyə ikinci cəbhə açmaq üçün yollara düşmüsünüz, Polşa Prezidentini yollara salmısınız, Nikol Paşinyanı da Azərbaycan üzərində kiçik də olsa belə qələbəyə həvəsləndirərək indi də Yunanıstandan silah almaq üçün əl açıb yolçuluğa vadar edirsiniz? O da həvəslənir ki, bəlkə Afina və Ankaranı bu dəfə də o, üz-üzə qoyaraq Fransa-Yunanıstan-Ermənistan, bütövlükdə Qərb ittifaqını daha da bərkitsin”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbhəm Həsənova deyib.

Politoloq əlavə edib ki, Qərb Ermənistanı müharibəyə, revanşizmə kökləyir: “Bu istiqamətdə Ermənistandan istifadə etməklə həm də Nikol Paşinyanı bir az “cana gətirmək” istəyirlər ki, meydana çıxartdıqları, arxalarında durduqları fiquru ortalığa indi bəlkə daha layiqli formada çıxartsınlar. Qərb Azərbaycan ordusu haqqında bütün kəşfiyyat məlumatlarını toplayaraq Ermənistana ötürür. Bu faktın özü belə Qərbin istəyindən, tərəfindən xəbər verir. Belə olan halda “Qərbə nə dərəcədə güvənmək olar?” sualının cavabı bəllidir. Rusiyanın diqqətini başqa istiqamətlərə çəkmək, qüvvələrini bölmək üçün müharibə Cənubi Qafqaza doğru sürüşdürülməyə çalışılır. Əldən düşmüş, vaxtı keçmiş silahların utilizasiyasının da vaxtı çatmışkən “fürsət bu fürsət, yem də bu dəfə Ermənistandır” deyə düşünülür. Qərb Cənubi Qafqazda sülhə fundamental zərbə vurur, yeni müharibə başlamağa hazırlaşır”.

Röya İsrafilova